Gələn tədris ilindən Azərbaycanda aztəminatlı ailələrdən olan gənclərə təhsil kreditləri veriləcək
”Aztəminatlı ailələrdən olan gənclərin ali təhsil almaq imkanlarının artırılması üçün yalnız maliyyələşdirmə məsələsinin həlli kifayət deyil. Bu mürəkkəb problemə kompleks yanaşma tələb olunur.”
Aztəminatlı ailələrdən olan gənclərin ali təhsil almaq imkanlarının artırılması üçün pilot qaydasında təhsil kreditlərinin tətbiqinə başlanılması məsələsi barədə danışan Təhsil Nazirliyinin Elm və ali təhsil şöbəsinin müdirinin müavini Yaqub Piriyev APA-ya açıqlamasında deyib ki, Avropa Kredit Transfer Sistemi (AKTS) vasitəsi ilə ali məktəblərdə maliyyə, idarəçilik və tədris mexanizminin çevikliyinin təmin edilməsi ilə tələbənin həm fərdi öyrənmə tempi, həmdə ödəmə imkanları sinxronlaşacaq.
Y.Piriyevin sözlərinə görə, tələbənin kreditlər üzrə ödəmələri yeni mexanizmlərinin yaradılması və tətbiqinə imkanlar yaradacaq: “Nəticədə, ödənişli təhsil alan tələbələrin təhsil müddətini artırmaq imkanı yaranacaq. Bu tədris prosesinin yenidən qurulması, maliyyələşdirmə mexanizminin yaradılması və insan resursları imkanlarının artırılmasına ehtiyac yaradacaq. Belə bir mexanizm yeni şəffaf məsuliyyət sisteminin mövcudluğunu tələb edəcək. Bu mexanizm ömür boyu təhsil və tədrisin iş bazarı ilə əlaqəsini daha da möhkəmləndirəcək”.
Nazirlik rəsmisi qeyd edib ki, ali təhsildə müasir və şəffaf idarəetmə modelinin qurulması və korporativ idarəetmə prinsiplərinin tətbiqi təhsil sistemində tənzimləmə və idarəetmənin qabaqcıl beynəlxalq təcrübə əsasında müasirləşdirilməsini tələb edir. Onun sözlərinə görə, bu baxımdan ali təhsilin idarə olunmasında elmi şuraların roluna yenidən baxılmalı, idarəetmənin ictimailəşməsi prosesi sürətlənməlidir.
Apa.az