Gələn ilin dövlət büdcəsi haqqında qanun layihəsinin müzakirəsi davam etdirilir
Milli Məclisin noyabrın 20-də keçirilən iclasında “Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi davam etdirilir.
AzərTAc xəbər verir ki, Milli Məclisin sədri Oqtay Əsədov iclası açdıqdan sonra deputatlar qanun layihəsi ilə bağlı müzakirələrə başlayıblar.
İclasda çıxış edən Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib: “Biz çalışırıq ki, büdcəmizdə vəsait çox olsun, qarşıda duran bütün problemlər həllini tapsın. Bir şeyi nəzərə alaq ki, 20 il ərzində Azərbaycan hansı inkişaf yolu keçib. 1990-cı illərin əvvəllərində bizim büdcəmizdə cəmi 70 milyon manat vəsait var idi. İndi isə Azərbaycanın dövlət büdcəsi milyardlarla ölçülür. Ona görə, hesab edirəm ki, bu büdcə ilə biz 2015-ci ildə qarşıda duran bütün vəzifələrin öhdəsindən gələ bilərik. Əlbəttə, nəzərə almaq lazımdır ki, dünya iqtisadiyyatında hansı hadisələr baş verir. Büdcənin təqdimatı zamanı hökumət nümayəndələri də qeyd etdilər ki, beynəlxalq iqtisadiyyatda hansı hadisələrin olmasına baxmayaraq, Azərbaycan iqtisadiyyatı baş verə biləcək təlatümlərə hazırdır”.
Milli Məclisin sədr müavini 2015-ci ilin büdcəsinin qarşıda duran bütün məsələlərin həllinin öhdəsindən gələ biləcək bir sənəd olduğunu bildirib.
Ziyafət Əsgərov deyib ki, Azərbaycanın çox uğurlu siyasəti var. Bu siyasətin kökündə iki amil dayanır. Biri daxili sabitlikdir, digəri isə uğurlu büdcə siyasətidir. Həm ölkə daxilində, həm də beynəlxalq miqyasda böyük nailiyyətlər qazanmışıq. Təbii ki, bütün bu nailiyyətlər Azərbaycan Prezidenti İlham Əliyevin apardığı məqsədyönlü siyasətin nəticəsidir”.
İclasda “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2015-ci il büdcəsi haqqında”, “Azərbaycan Respublikasında 2015-ci il üçün yaşayış minimumu haqqında”, “Azərbaycan Respublikasında 2015-ci il üçün ehtiyac meyarının həddi haqqında”, “Azərbaycan Respublikası Milli Məclisinin 2015-ci il üçün xərclər smetası haqqında”, “Azərbaycan Respublikası Hesablama Palatasının 2015-ci il üçün xərclər smetası haqqında”, Azərbaycan Respublikası Hökuməti ilə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) arasında ATƏT-in Bakıdakı layihə əlaqələndiricisi haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında qanun layihələrinin də müzakirəsi nəzərdə tutulub.
AzərTac.az