Gələn həftə Bakıda Azərbaycan-Macarıstan hökumətlərarası komissiyasının iclası keçiriləcək

Posted by

Gələn həftə Bakıda Azərbaycan-Macarıstan hökumətlərarası komissiyasının iclası keçiriləcək

Yanvarın 28-də Bakıda Azərbaycan-Macarıstan iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının IV iclası keçiriləcək.

 

İqtisadiyyat və Sənaye Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, iclasda Azərbaycan və Macarıstan arasında iqtisadi əməkdaşlığın mövcud vəziyyəti, Komissiyanın III iclasından sonrakı dövrdə görülmüş işlər və əlaqələrin genişləndirilməsi perspektivləri müzakirə ediləcək.

 

Qeyd edək ki, Azərbaycan-Macarıstan hökumətlərarası komissiyasının Azərbaycan tərəfindən həmsədri iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev, Macarıstan tərəfindən isə xarici işlər və xarici iqtisadi əlaqələr üzrə dövlət katibi Peter Siyartodur.

 

P.Siyartonun rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində Bakıda həmçinin Azərbaycan-Macarıstan biznes forumu təşkil ediləcək. Forumda rəsmi şəxslərlə yanaşı, tikinti, İKT, kənd təsərrüfatı, qida emalı avadanlıqları, tekstil, əczaçılıq, turizm, maliyyə, alternativ enerji, daşınmaz əmlak, qablaşdırma və s. sahələrdə fəaliyyət göstərən şirkətlərin nümayəndələri iştirak edəcəklər.

 

Apa.az