Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi masaüstü təlim keçirib
Oktyabrın 28-də “Heydər Əliyev Beynəlxalq Aeroportunda qəsdən “çirkli bomba” partladıldığı halda mülki müdafiə strukturlarının hərəkəti” mövzusunda masaüstü təlim keçirilib.
Təlim Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi və onun tərəfdaş olduğu Litva Respublikası Səhiyyə Nazirliyinin Radiasiyadan Qorunma Mərkəzi və Layihələrin İdarə edilməsi üzrə Mərkəzi Agentliyi ilə birgə “Bakı-2015” Avropa Oyunlarına hazırlıqla əlaqədar təşkil edilib.
FHN-dən AzərTAc-a bildiriblər ki, tədbir Avropa İttifaqı ilə birgə həyata keçirilən “Azərbaycan Respublikasında radiasiya təhlükəsizliyi infrastrukturunun gücləndirilməsi və dəstəkləyici xidmətlərin inkişaf etdirilməsi” Tvinninq layihəsi çərçivəsində keçirilib.
Masaüstü təlimin əsas məqsədi baş verə biləcək böyük radioloji qəza hallarında cavab tədbirlərinin həyata keçirilməsinə dair müvafiq qurumların hazırlığının gücləndirilməsi olub.
Fövqəladə Hallar, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər, Daxili İşlər, Milli Təhlükəsizlik nazirliklərinin, Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti, Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq strukturları və Heydər Əliyev Beynəlxalq Aeroportunun Təhlükəsizlik İdarəsinin əməkdaşları təlimə cəlb olunublar.
Təlimin rəhbəri, Dövlət Agentliyinin rəis əvəzi Vüqar Hüseynovun və təlimin əlaqələndiricisi, Litva Radiasiyadan Qorunma Mərkəzinin şöbə müdiri Danute Şidişkenenin sədrlik etdikləri masaüstü tədbirdə radioloji qəza şəraitində cavabvermə tədbirlərinin idarə olunması, əhalinin və KİV-in məlumatlandırılması, ətraf mühitin yüksək radioloji çirklənməsi zamanı müvafiq orqan və təşkilatların birgə fəaliyyəti, radioloji qəzaların nəticələrinin aradan qaldırılması zamanı ətraf mühit və insanların radioaktiv çirklənməsinin dəyərləndirilməsi, radioaktiv maddələrin təsiri nəticəsində xəsarət almış, şüalanmaya və ya radioloji çirklənməyə məruz qalmış şəxslərə tibbi yardım göstərilməsinə hazırlıq, həmçinin beynəlxalq yardım alınması üçün müraciət qaydası qiymətləndirilib.
AzərTac.az