Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzində “dəyirmi masa”
Yanvarın 27-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzində “İstismarda olan bina və qurğuların texniki təhlükəsizliyinin 2014-cü ildə aparılmış monitorinqinin nəticələri və qarşıda duran vəzifələr” mövzusunda “dəyirmi masa” keçirilib.
FHN-in mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, tədbirdə nazirliyin Aparatının, Dövlət Yanğından Mühafizə və Dövlət Yanğın Nəzarəti xidmətlərinin, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin, Bakı və Sumqayıt Regional mərkəzlərinin əməkdaşları, Bakı Regional Mərkəzi nəzdində fəaliyyət göstərən Əlaqələndirmə Komissiyasının paytaxtın bütün rayonlarının icra hakimiyyətlərini təmsil edən üzvləri, Bakı Şəhər İcra Hakimiyyətinin səlahiyyətli nümayəndəsi iştirak edib.
Çıxış edənlər mərkəzdə fəaliyyət göstərən monitorinq qrupu tərəfindən hazırlanmış hesabatda əksini tapan bina və qurğuların texniki təhlükəsizliyi sahəsində aşkar edilmiş pozuntular barədə məlumat verib, hər bir rayon üzrə bu sahədə görülən işlərin vəziyyəti təhlil edilib və təqdimatla tədbir iştirakçılarına nümayiş olunub.
Təqdimatda, həmçinin mərkəzə “112” çevik reaksiya idarəsindən daxil olmuş müraciətlərin Bakı şəhərinin rayonları üzrə statistikası və məzmun göstəriciləri də nəzərə çatdırılıb.
Tədbirdə rayon icra hakimiyyətlərinin nümayəndələri çıxış edərək mövcud problemlərdən danışıb və onların aradan qaldırılması istiqamətində təkliflərini veriblər. Bundan əlavə, mərkəzin monitorinq qrupunun səmərəli fəaliyyəti qeyd edilib və sıx əməkdaşlıq əlaqələrinin gələcəkdə də saxlanılmasının vacibliyi bildirilib.
İnteraktiv müzakirələr şəraitində keçirilən “dəyirmi masa”da səslənmiş problemlər və onların aradan qaldırılması məqsədilə qeyd olunmuş təkliflər ümumiləşdirilib və həyata keçirmək üçün tövsiyə edilib.
AzərTac.az