Fövqəladə Hallar Nazirliyi ilə Misirin müvafiq qurumları arasında əməkdaşlığın geniş perspektivləri var
Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov martın 30-da ölkəmizdə səfərdə olan Misir Ərəb Respublikası Müdafiə Nazirliyi Sərhəd Qoşunlarının Komandanı, general-mayor Əhməd İbrahim Məhəmməd İbrahiminin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazir Kəmaləddin Heydərov dost Azərbaycan və Misir arasında əlaqələrin gündən-günə möhkəmləndiyini vurğulayıb. Nazir əlavə edib ki, bütün istiqamətlərdə olduğu kimi, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində də ölkələrimiz arasında uğurlu əməkdaşlıq mövcuddur.
Səmimi görüşə görə təşəkkürünü bildirən general-mayor Əhməd İbrahim Məhəmməd İbrahimi göstərilən yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirib. Qonaq vurğulayıb ki, Misirin müvafiq qurumları ilə Azərbaycanın Fövqəladə Hallar Nazirliyi arasında əməkdaşlığın geniş perspektivləri var.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Sonra qonaqlar FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin Böhranların idarə edilməsi zalı və əməliyyat zalları, həmçinin Multimedia Mərkəzinin fəaliyyəti ilə tanış olublar.
AZƏRTAC