Füzuli rayonunda ailə, qadın və uşaq məsələləri ilə bağlı vətəndaşların qəbulu keçiriləcək

Posted by

Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, ölkəmizin bölgələrində nazir və komitə sədrləri tərəfindən vətəndaşların qəbulu davam edir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən bildiriblər ki, Komitənin sədri Hicran Hüseynova fevralın 27-də saat 10:15-də Füzuli rayonundakı Heydər Əliyev Mərkəzində vətəndaşların qəbulunu keçirəcək.

Qəbulda Ağcabədi, Laçın, Beyləqan, Xocavənd, Tərtər, Bərdə, Ağdam, Füzuli rayonlarının sakinləri qadın və uşaq hüquqlarının müdafiəsi, məşğulluq, sağlamlıq və digər məsələlərlə bağlı iştirak edəcəklər. Qəbulda vətəndaşların ərizə, təklif və tövsiyələrinə baxılması nəzərdə tutulur. Qəbuldan sonra rayonun fəal qadınları ilə görüşün keçirilməsi planlaşdırılır.

Görüş çərçivəsində Füzuli rayonunda qadın və uşaq hüquqlarının müdafiəsi, qadın sahibkarlığının inkişafı və digər mövzular üzrə müzakirələr aparılacaq.

AZƏRTAC