Fuad Ələsgərov: Bu gün Avropada qaçqın və miqrantların hüquqları kütləvi şəkildə pozulur
Bu gün Avropada dünyanın qaynar nöqtələrindən axın edən qaçqınların və miqrantların hüquqlarının kütləvi pozulması halları müşahidə olunur.
Trend-in məlumatına görə, bu barədə Azərbaycan Prezidenti Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov Bakıda keçirilən MDB ölkələri Miqrasiya Orqanları Rəhbərləri Şurasının XIX iclasında deyib.
F.Ələsgərov bildirib ki, bu gün miqrasiya böhranının ən aydın nümunəsi Suriyadan qaçqınların Avropaya kütləvi axınıdır: “Onlar Avropada sığınacaq tapacaqlarına ümid edirlər, lakin kobud münasibətlə və bəzən Avropa ölkələri tərəfindən sərt siyasətlə qarşılaşırlar. Beləliklə, ksenofobiya və islamofobiya meyilləri güclənməyə başlayır, bir sıra siyasətçilər isə bundan hakimiyyətə gəlmək üçün istifadə edirlər”.
Prezident Administrasiyasının şöbə müdiri qeyd edib ki, Azərbaycan MDB-də XX əsrin 80-ci illərində Ermənistan tərəfindən etnik təmizləmə və Azərbaycan torpaqlarının işğalı nəticəsində qaçqın və miqrantların böyük axını ilə üzləşən ilk ölkə olub.
Onun sözlərinə görə, milyondan çox azərbaycanlı, yəni faktiki olaraq hər səkkizinci azərbaycanlı öz torpaqlarından zorla çıxarılıb.
F.Ələsgərov diqqətə çatdırıb ki, ölkə bu çətinliklərin öhdəsindən gəlib və qaçqınları normal yaşayış şəraiti təmin edə bilib: “Çox böyük çətinliklərə baxmayaraq, Azərbaycan sonrakı illərdə qaçqın və məcburi köçkünlərin bütün əsas ehtiyaclarını təmin edə və onları cəmiyyətə inteqrasiya edə bilib. Amma işğalın nəticələri o baxımdan mənfi təsir göstərir ki, işğal olunmuş ərazilər qanunsuz miqrasiya və transmilli cinayətkarlığın digər təhlükəli növlərinin təşkili üçün istifadə olunur”.
O əlavə edib ki, miqrasiya problemləri son vaxtlar Azərbaycana da toxunur, bura daha çox miqrant saxta sənədlərlə gəlməyə çalışır.
Trend.az