“Minsk qrupunun vasitəçiliyi ilə danışıqlar və kontaktlar yanvar ayından davam edəcək”
“2014-cü il Dağlıq Qarabağ münaqişəsinin həlli baxımından ziddiyyətli il olub”.
Bunu APA-ya açıqlamasında Dağlıq Qarabağ münaqişəsinin həllini üzərinə götürmüş ATƏT-in Minsk qrupunun fransalı həmsədri Pyer Andriyu deyib.
“Prezidentlər Əliyev və Sarkisyan prezidentlər Putin, Olland və dövlət katibi Con Kerri tərəfindən təşkil olunmuş üç zirvə toplantısında üç dəfə görüşüblər və bu, Minsk qrupunun üç həmsədr ölkəsinin münaqişənin həlli səyləri istiqamətində tam öhdəliklərini əks etdirir”, – deyə həmsədr qeyd edib.
Diplomat bildirib ki, bu il bir çox müsbət diplomatik inkişaflarla yanaşı, təmas xəttində və iki ölkə arasında beynəlxalq sərhəd boyunca əvvəlki illərə nisbətən daha çox sayda insan tələfatı ilə nəticələnən gərginlik müşahidə olunub: “Mülki əhalinin hədəf alınması, xüsusilə noyabrın 12-də hərbi vertolyotun çəkinməsi mümkün olan məhvi təəssüf doğurur. Bu ciddi insident gərginliyi azaltmaq, inamı bərpa etmək və bu cür insidentlərin təkrarlanmaması üçün tədbirlərin görülməsinin zəruriliyini bir daha göstərir. Dekabrın 4-də Bazel şəhərində ATƏT-in nazirlər səviyyəsində keçirilən iclasında Minsk qrupunun üç həmsədr ölkəsinin nazirləri tərəfindən qəbul edilən birgə bəyanat da həmin elementləri vurğulayır. Fransa prezidentinin 11 və 13 may tarixləri arasında Bakı və Yerevanda etdiyi dəvət əsasında baş tutmuş 27 oktyabr Paris Zirvə Görüşünə geri qayıtmaq istərdim.
İki prezident arasında birbaşa dialoqun bərpasına imkan verən bu zirvə görüşü, rahat və inamlı şəraitdə baş tutub. Minsk qrupunun üç həmsədri və ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi danışıqlara cəlb edilib. Nəticələr əhəmiyyətli oldu. Prezidentlər Beynəlxalq Qızıl Xaç Komitəsinin himayəsi altında, münaqişədə itkin düşənlər haqqında məlumat mübadiləsinə mümkün qədər tez başlamağa qərar verdilər və Beynəlxalq Qızıl Xaç Komitəsi artıq bu sahədə fəaliyyətə başlayıb. Qərara alındı ki, uyğun vaxtda digər etimad tədbirləri müzakirə olunacaq və ümid edirəm ki, bu, tezliklə baş tutacaq. Eyni zamanda, üç prezident öz arasında həmin danışıqları detallı şəkildə müzakirə edib.
Prezident Olland fikir ayrılıqlarını aradan qaldırmaq və öz xalqlarını sülhə hazırlamaq üçün prezidentlər Əliyev və Sarkisyanı siyasi iradə nümayiş etdirməyə çağırıb. İl sonu bayramları bu ilin nəticələri və gələcək planlar haqqında düşünmək üçün əlverişli ola bilər. Minsk qrupunun vasitəçiliyi ilə danışıqlar və kontaktlar yanvar ayından etibarən davam edəcək. Bu mürəkkəb dosyedə irəliləyiş, o cümlədən, Paris Zirvə Görüşündə qeyd olunduğu kimi, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası çərçivəsində 2015-ci ilin sentyabrında keçiriləcək yeni görüş zamanı Azərbaycan və Ermənistan prezidentləri arasında dialoqun intensivləşməsinə ümid edirik”.
Apa.az