Fransa radiosunda Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzündən bəhs edən veriliş səsləndirilmişdir
Yanvarın 28-də Fransanın “France Culture” radiosunda Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzündən bəhs edən “İşğal olunmuş ərazilər. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi” adlı veriliş səsləndirilmişdir.
Verilişdə ermənilərin Azərbaycan torpaqlarının işğalına planlı şəkildə hazırlaşmaları, 1988-ci ildə Sumqayıt hadisələrini törətmələri və s. barədə danışılmışdır. Ermənistan silahlı qüvvələrinin Azərbaycanın təkcə Dağlıq Qarabağ bölgəsini deyil, ona bitişik yeddi rayonunu da işğal etdikləri, münaqişə zamanı minlərlə insanın qətlə yetirildiyi, bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkünə çevrildiyi dinləyicilərin diqqətinə çatdırılmışdır.
Qeyd edilmişdir ki, ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar indiyədək heç bir nəticə verməmişdir.
Verilişdə Ermənistanın iqtisadi baxımdan çətinlik çəkdiyi, bu ölkəyə xaricdə fəaliyyət göstərən erməni lobbisinin yardım göstərdiyi qeyd olunmuşdur.
AzərTAc.az