Əfqanıstan prezidentinin Azərbaycana səfəri planlaşdırılır
Bu ilin fevral ayında Əfqanıstanın xarici işlər naziri Əhməd Osmani Azərbaycana səfər edəcək.
Bu barədə APA-ya Azərbaycanın Pakistandakı və eyni zamanda Əfqanıstandakı səfiri Daşqın Şikarov bildirib.
Onun sözlərinə görə, nazirin Azərbaycana gəlməsinin dəqiq tarixi diplomatik kanallarla müəyyən edilir: “Səfər zamanı iki ölkə arasında diplomatik pasportlara sahib olan şəxslərə viza rejiminin ləğv olunması ilə bağlı və hazırda üzərində iş aparılan daha bir neçə saziş imzalanacaq”.
Diplomat həmçinin qeyd edib ki, səfər zamanı ikitərəfli əlaqələrin perspektivləri də müzakirə olunacaq. Bu ilin aprel ayına qədər Əfqanıstan prezidenti Həmid Kərzainin də Azərbaycana səfər etməsi də gözlənilir: “Əfqanıstanda aprel ayının sonunda prezident seçkiləri keçiriləcək və Kərzai seçkilərdə öz namizədliyini irəli sürməyib. Buna görə də səfər baş tutsa, yalnız fevral-mart aylarında baş tuta bilər”.
Apa.az