“Formula-1” mərhələlərindən biri Bakıda keçiriləcək
“Formula-1” yarışının mərhələlərindən biri Bakıda keçiriləcək.
Bunu nəzərdə tutan müqaviləni “Formula-1” dünya çempionatının rəhbəri Berni Ekklstoun imzalayıb.
APA-nın İTAR-TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Böyük Briyaniya mətbuatı yazır.
Ekklstounun sözlərinə görə, Azərbaycandakı “Qran-Pri” 2015 ya da 2016-cı ildə keçiriləcək.
“Biz Azərbaycana gedəcəyik. Orada yarışların 2015-ci ildə keçiriləcəyindən danışırlar. Ola bilsin ki, bu, tezdir. Lakin belə bir ehtimal var. Güman ki, Bakıda yarış 2016-cı ildə keçiriləcək”.
Bu il “Formula-1” yarışlarının mərhələsi oktyabrda, ilk dəfə Rusiyada – Soçidə keçiriləcək.
Çempionatın təqvimi 19 mərhələdən ibarətdir. Gələcəkdə onların sayının 22-yə çatdırılacağı gözlənilir. Təqvimə Azərbaycanla yanaşı Tayland, CAR, Yunanıstan, Argentina və Meksika daxil edilə bilər.
Apa.az