FHN-in Cənub Regional Mərkəzi Lənkəranda maarifləndirici tədbir keçirib

Posted by

FHN-in Cənub Regional Mərkəzi Lənkəranda maarifləndirici tədbir keçiribFHN-in Cənub Regional Mərkəzi Lənkəranda maarifləndirici tədbir keçirib

FHN-in Cənub Regional Mərkəzi Lənkəranda maarifləndirici tədbir keçirib

Noyabrın 19-da Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzi Lənkəran rayonunun Bilal Əliyev adına Xolmili kənd tam orta məktəbində “Fövqəladə hallarda özünü necə aparmalı” və “Yanğın təhlükəsizliyi vərdişlərinə hamı əməl etməlidir” mövzusu çərçivəsində maarifləndirmə tədbiri həyata keçirilib. APA-nın cənub bürosunun məlumatına görə, FHN-in İctimaiyyətlə əlaqələr idarəsinin əhalinin məlumatlandırılması və təbliğat işinin təşkili şöbəsi, Dövlət Yanğın Nəzarəti Xidmətinin (DYNX) Cənub Regional Dövlət Yanğın Nəzarəti İdarəsi, Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) Lənkəran Rayon Dövlət Yanğından Mühafizə Hissəsi, Lənkəran Şəhər İcra Hakimiyyəti, Lənkəran Şəhər Təhsil Şöbəsi əməkdaşlarının, Xolmili kənd tam orta məktəbin şagirdlərinin, müəllim kollektivinin, texniki işçilərin və valideynlərin iştirak etdikləri tədbiri giriş sözü ilə açan məktəbin direktoru Qasım Əliyev əhali arasında yanğın və texniki təhlükəsizlik qaydalarına ciddi riayət olunması, mülki müdafiə işinin təşkili, eləcə də fövqəladə hallar zamanı düzgün davranış qaydalarının maarifləndirilməsi məqsədilə FHN-in regionda fəaliyyət göstərən qurumları tərəfindən həyata keçirilən tədbirlərin əhəmiyyətindən danışıb.

 

Sonra təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı davranış qaydaları, ilkin tibbi yardımın düzgün göstərilmə üsul və mexanizmləri, fərdi mühafizə vasitələrindən və ilkin yanğınsöndürmə avadanlıqlarından istifadə etmə qaydaları, eləcə də yanğın və texniki təhlükəsizlik qaydalarının tələblərinə düzgün riayət olunmasına nəzarətin gücləndirilməsi sahəsində müəllim və şagird heyətinin maarifləndirilməsi məqsədilə “Qaz cihazlarının istismarı zamanı təhlükəsizlik qaydalarına ciddi riayət edilməlidir”, “Azyaşlı uşaqların yanğın təhlükəsizliyi baxımından ehtiyatlı olmaları və yanğın baş verdikdə özlərini necə aparmalı?”, “Fövqəladə hallar haqqında ümumi anlayış” və “Yanğınların baş vermə səbəbləri və yanğına qarşı mübarizə metodları” mövzularında ətraflı məlumat verilib.

 

Məktəblilərin asudə vaxtlarında yanğın və texniki təhlükəsizlik qaydaları ilə daha yaxından tanış olmaları üçün təhsil müəssisələrində mərtəbələr üzrə “Yanğına qarşı təbliğat guşəsi”nin yaradılması məqsədilə hazırlanmış təbliğat vasitələri məktəb rəhbərliyinə təqdim olunub.

 

Daha sonra məktəb binalarının təxliyə planlarının mərtəbələr üzrə qaydalara əməl etməklə düzgün hazırlanmasının, yanğın və texniki təhlükəsizlik qaydalarının tələblərinə riayət olunmasına nəzarətin artırılmasının, məktəbin əsas və ehtiyat çıxış qapılarının və zirzəmilərinin daim istifadəyə yararlı vəziyyətdə saxlanılmasının, yararsız vəziyyətdə olan elektrik naqillərinin və avadanlıqlarının yenisi ilə əvəz olunmasının, eləcə də ilkin yanğınsöndürmə vasitələri ilə məktəbin təchiz olunmasının vacibliyi tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

 

Sonda “Dəm qazından zəhərlənmə hallarının yaranma səbəbləri”nə dair video çarx nümayiş etdirilib, “Hansı hallarda 112 qaynar xətlə əlaqə saxlamaq lazımdır?”, “Təbii qazdan istifadə etdikdə ehtiyatlı olun!”, “Zəlzələ vaxtı, ondan əvvəl və sonra özünə və başqalarına kömək etməyi bacar”, “Təhsil müəssisələrində yanğın təhlükəsizliyi” mövzularında hazırlanmış yaddaş kitabçaları və xəbərdarlıq vərəqələri paylanılıb və təqdim olunan əyani vasitələrlə bağlı tədbir iştirakçılarını maraqlandıran suallar məruzəçilər tərəfindən ətraflı cavablandırılıb.

 

Apa.az