Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü Elxan Süleymanov: Ermənistanın işğal altında saxladığı Azərbaycan ərazilərində gərginliyin artmasına dair məruzə müzakirəyə çıxarılacaq
Noyabr ayının 4-də AŞPA-nın Siyasi Məsələlər üzrə Komitəsinin iclası keçiriləcək. İclasda məruzəçi Robert Volterin “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərində zorakılığın artmasına dair” hazırladığı məruzə müzakirəyə çıxarılacaq.
Qeyd etməliyəm ki, AŞPA-da belə bir məruzənin hazırlanması barədə qərarın qəbul edilməsinə uzun mübarizədən sonra 2014-cü ildə nail ola bildik. Mən həmin zaman ardıcıl olaraq işğal edilmiş Azərbaycan ərazilərini işğal etdiyinə və uzun illər ərzində işğal altında saxladığına görə Ermənistana sanksiyaların tətbiq edilməsini tələb edən qətnamə layihələri təqdim etdim. AŞPA rəhbərliyi və qurum daxilində fəaliyyət göstərən anti-Azərbaycan qüvvələrin güclü təzyiqlərinə baxmayaraq, biz Siyasi Məsələlər Komitəsində “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərində zorakılığın artmasına dair” məruzə hazırlanması barədə qərarın qəbul edilməsinə nail olduq. Həmin zaman belə bir məruzənin hazırlanması üçün Avropanın tanınmış siyasətçisi, Böyük Britaniyalı deputat Robert Volter təyin edildi. Sonradan mən 2015-ci ilin yanvar sessiyası zamanı Kəlbəcər rayonunda Ermənistan qüvvələri tərəfindən girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevin dərhal azadlığa buraxılmasını tələb edən qətnamə layihəsi irəli sürdüm və AŞPA Bürosu bu məsələni “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərində zorakılığın artmasına dair” məruzəyə daxil etmək üçün məruzəçiyə göndərdi.
Cənab Volter məruzəçi olduğu müddət ərzində 2 dəfə Azərbaycana səfər etmiş, Azərbaycanda yüksək səviyyəli görüşlər keçirmiş, cəbhə bölgələrinə səfər etmiş, cəbhəyanı ərazilərdə vəziyyətlə tanış olmuşdur. Eyni zamanda qeyd etməliyəm ki, cənab Volter bir neçə dəfə Ermənistan tərəfinə müraciət edərək, işğal altında olan ərazilərə səfər etmək və vəziyyəti yerindəcə qiymətləndirmək istədiyini bildirmişdir. Lakin Ermənistan hakimiyyəti cənab Volterə işğal altında olan ərazilərə səfər etməyə şərait yaratmamış və onunla əməkdaşlıqdan imtina etmişdir. Buna baxmayaraq, cənab Volter cari ilin sentyabr ayının sonu oktyabrın əvvəllərində Siyasi Məsələlər Komitəsini Ermənistanın əməkdaşlıqdan imtina etməsi ilə bağlı məlumatlandırmış və buna baxmayaraq, ilin sonunadək məruzəni başa çatdıracağını bildirmişdi. Bu günlərdə cənab Volter hazırladığı məruzənı Katibliyə təqdim edib və həmin sənəd artıq AŞPA-nın rəsmi saytında yerləşdirilib.
Məruzədə bizi qane edən və qane etməyən məqamların olmasını diqqətə çatdırmağı vacib hesab edirəm. Məruzənin adında qeyd edildiyi kimi “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş əraziləri” ifadəsinin məruzədə təsdiqlənməsi xüsusi önəm kəsb edir. Bu ifadə Ermənistan tərəfindən Azərbaycanın tək Dağlıq Qarabağ regionunun deyil, digər ərazilərinin də işğal edildiyini özündə ehtiva edir. Bundan əlavə, məruzədə Azərbaycan ərazisinin əhəmiyyətli hissələri hələ də Ermənistan qüvvələrinin işğalı altında qalması bildirilir, Avropa İnsan Hüquqları “Çıraqov və digərləri Ermənistana qarşı” işinə dair Məhkəməsinin 2015-ci il iyun tarixli qərarı və həmin qərarda Ermənistanın Dağlıq Qarabağ və ətraf ərazilərə nəzarət etməsinin sübuta yetirildiyi qeyd edilir. Məruzədə eyni zamanda D. Əsgərov və Ş. Quliyevin Dağlıq Qarabağın tanınmamış “məhkəmələri” tərəfindən qanunsuz məhkum edildiyi bildirilir.
Eyni zamanda məruzədə bizi qane etməyən bəzi məqamları da diqqətə çatdırmaq istərdim. Təəssüf ki, bir sıra məqamlarda məruzəçi “Azərbaycan ərazilərinin işğalı” ifadəsindən qaçaraq “Dağlıq Qarabağ problemi” və ya “Dağlıq Qarabağ regionuna dair münaqişə” ifadələrindən istifadə edir. Bundan əlavə, D.Əsgərov və Ş.Quliyevin Dağlıq Qarabağın tanınmamış “məhkəmələri” tərəfindən qanunsuz məhkum edildiyi bildirilsə də, onalrın dərhal qeyd-şərtsiz azadlığa buraxılması tələb edilmir. Digər bir tərəfdən, Ermənistanın məruzəçi ilə əməkdaşlıq etməməsinə və Avropa Şurası qarşısındakı öhdəliklərini pozmasına çox yumşaq münasibət nümayiş etdirilir.
Nəhayət, qeyd etmək istərdim ki, biz artıq qeyd edilən məqamlarla bağlı 3 düzəliş təklifi etmişik. Bu düzəlişlərin qəbul edilməsi, şübhəsiz ki, ciddi maneələrlə qarşılaşacaq.