Ermənistanla təmas rayonlarda yaşayan uşaqlar üçün istirahət təşkil edilir
Azərbaycanın müharibə vəziyyətini nəzərə alaraq, təmas xəttində yerləşən rayonlardan olan uşaqların inkişafı məqsədilə xüsusi tədbirlərin keçirilməsi planlaşdırılır. Ölkə rəhbərliyinin tapşırığına əsasən, Gənclər və İdman Nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi birlikdə Azərbaycan-Ermənistan sərhəd bölgələrindən, xüsusilə təmas xəttinə yaxın rayonlarından olan uşaqların istirahətinin təşkilini nəzərdə tutub.
Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu məqsədlə 27 avqust – 10 sentyabr 2014-cü il tarixlərində 120 uşağın Bakı şəhəri, Şüvəlan qəsəbəsində yerləşən Gənclər və İdman Nazirliyinin nəzdində olan Respublika Uşaq İstirahət və Sağlamlıq Mərkəzində yay düşərgəsi təşkil ediləcək.
Düşərgədə Tərtər, Ağdam, Ağstafa, Goranboy və Tovuz rayonlarının Ermənistanla həmsərhəd kəndlərindən olan 10-16 yaşlı uşaqlar istirahət edəcəklər.
İstirahət zamanı uşaqların fiziki və əqli inkişafı məqsədilə müxtəlif tədbirlər keçiriləcək.
Yay düşərgəsinin açılışı 28 avqust 2014-cü il tarixdə saat 11.00-da olacaq.
Trend.az