Elmar Məmmədyarov: İkili standartlar nəticəsində BMT-nin Dağlıq Qarabağla bağlı qətnamələri yerinə yetirilmir

Posted by

Elmar Məmmədyarov: İkili standartlar nəticəsində BMT-nin Dağlıq Qarabağla bağlı qətnamələri yerinə yetirilmirElmar Məmmədyarov: İkili standartlar nəticəsində BMT-nin Dağlıq Qarabağla bağlı qətnamələri yerinə yetirilmir

Elmar Məmmədyarov: İkili standartlar nəticəsində BMT-nin Dağlıq Qarabağla bağlı qətnamələri yerinə yetirilmir

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Türkiyənin Antalya şəhərində keçirilən NATO üzv dövlətlərinin xarici işlər nazirlərinin iclası ərəfəsində NATO-nun əsas beyin mərkəzi sayılan Atlantik Müqaviləsi Assosiasiyası (ATA) tərəfindən təşkil olunan “Gənclərin Nazirlər İclası”nda çıxış edib.

 

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, E.Məmmədyarov çıxışında Azərbaycanın NATO-nun Əfqanıstanda həyata keçirilən missiyalarına töhfəsi və iki ölkə arasında münasibətlər barədə danışdı. O, Azərbaycanın ISAF əməliyyatında sonadək əzmlə iştirak etdiyini, əhəmiyyətli hərbi qüvvə, tranzit, təlim və maliyyə yardımı şəklində töhfə verdiyini və bu töhfələrin 2015-ci ilin yanvar ayından başlayan Qətiyyətli Dəstək missiyası kontekstində də davam etdiyini vurğuladı.

 

Nazir ölkəmizin öz müstəqilliyini əldə etdikdən sonra bir çox problemlərlə üzləşdiyi barədə danışaraq, xüsusilə, 23 ildən artıq davam edən Ermənistanın Azərbaycana qarşı təcavüzü və bunun nəticəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf rayonlar da daxil olmaqla, 20 faizdən çox ərazisinin işğalı, bir milyondan çox insanın qaçqın və məcburi köçkün durumuna düşməsini qeyd etdi. O, BMT Təhlükəsizlik Şurasının münaqişə ilə əlaqədar qəbul etdiyi qətnamələrin dərhal, qeyd-şərtsiz və tam şəkildə işğalçı qüvvələrin Azərbaycanın bütün işğal olunmuş ərazilərindən çıxarılmasını tələb etdiyini xatırladaraq, ikili standartlara əsaslanan yanaşma nəticəsində bu qətnamələrin tələblərinin hələ də icra edilmədiyini vurğuladı.

 

Bütün çətinliklərə və təcavüz və işğal faktına baxmayaraq, Azərbaycanın müstəqillik dövründə uğurlu inkişaf yolundan danışan E.Məmmədyarov son on il ərzində ölkəmizdə yoxsulluq səviyyəsinin 49 faizdən 4 faizə qədər aşağı həddə düşdüyünü, ümum daxili məhsulun 3.5 dəfə artdığını və regionun aparıcı dövlətinə çevrildiyini bildirdi. O, bütün bunların düzgün siyasi-iqtisadi strategiya və resurslardan səmərəli istifadə nəticəsində mümkün olduğunu diqqətə çatdırdı.

 

XİN rəhbəri Əfqanıstan rəsmiləri ilə görüşlərdə bu məsələlər, o cümlədən Azərbaycanın inkişaf modeli və təcrübəsi ətrafında fikir mübadilələrinin aparıldığını qeyd edərək, Azərbaycanın təlim, təhsil, iqtisadiyyat və fövqəladə hallarda yardım kimi məsələlər üzrə Əfqanıstana dəstək göstərdiyini nəzərə çatdırdı. Bu xüsusda o, ordu quruculuğu, ADA Universitetinin xətti ilə keçirilən kurslar, ANAMA-nın əfqan mütəxəssislər üçün təşkil etdiyi minalardan təmizləmə üzrə təlim proqramları, yerli əhali arasında mina təhlükəsizliyi üzrə məlumatlandırmanı artırmaq üçün dərsliklərin nəşr etdirilməsi barəsində məlumat verdi. Bu kimi yardımların davamlı xarakter daşıdığını deyən E.Məmmədyarov əfqan mütəxəssislərin Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Akademiyasında ödənişsiz təhsil almaları məsələsinin də nəzərdən keçirildiyini qeyd etdi.

 

Nazir regional inkişafın təhlükəsizlik, sabitlik və davamlılıq kimi üç əsas meyarının olduğunu vurğuladı.

 

Görüş əsnasında E.Məmmədyarov tədbir iştirakçılarının Azərbaycanın enerji siyasəti, TANAP və TAP layihələri, geostrateji əhəmiyyəti və regiondakı rolu barəsində çoxsaylı suallarını cavablandırdı.

 

Trend.az