Elmar Məmmədyarov: Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəti mövqeyinin ortaya qoymalıdır
Bu gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttifaqının (Aİ) Avropa Qonşuluq Siyasəti və Genişlənmə danışıqları üzrə komissarı Yohannes Hanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüş zamanı tərəflər Azərbaycan ilə Avropa İttifaqı arasındakı münasibətlərin cari səviyyəsini yüksək qiymətləndiriblər.
Azərbaycanın Avropa İttifaqına üzv əksər dövlətlərlə strateji tərəfdaşlıq münasibətlərinə malik olduğunu bildirən E.Məmmədyarov Aİ ilə də strateji tərəfdaşlıq əlaqələrinin qurulmasının vacibliyini diqqətə çatdırıb.
Görüşdə Azərbaycan ilə Aİ arasında enerji sahəsində tərəfdaşlıq və TAP və TANAP layihələrinin əhəmiyyəti qeyd olunub.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqların cari vəziyyəti haqqında məlumat verən E.Məmmədyarov digər Avropa institutları kimi Aİ-nin də münaqişə ilə bağlı qəti mövqeyinin ortaya qoyulmasının vacibliyini söyləyib. Mövcud status kvonun qeyri-davamlı və qəbuledilməz olduğunu deyən nazir əlavə edib ki, status kvonun dəyişdirilməsi və münaqişənin həlli üçün ilk növbədə Ermənistanın silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalıdır. E.Məmmədyarov işğal və təcavüzün aradan qaldırılması və münaqişənin həlli nəticəsində regional inkişaf üçün yeni imkanların yaranacağını diqqətə çatdırıb.
Ölkəmizdə qanunun aliliyinin təmin olunduğunu bildirən nazir E.Məmmədyarov Azərbaycanın ardıcıl demokratik inkişafının davam etdirildiyini bildirib.
Görüş zamanı tərəflər Riqada keçiriləcək “Şərq tərəfdaşlığı” təşəbbüsünün növbəti sammitinin əhəmiyyətini vurğulayıblar. Eləcə də tərəflər elm, təhsil, humanitar və digər sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsinin əhəmiyyətini qeyd ediblər.
Görüşdə qarşılıqlı maraq doğuran regional məsələlər barədə fikir mübadiləsi aparılıb.
Trend.az