Elman Məmmədov: Türkiyə-Ermənistan sərhədlərinin gələcəyinə dair konfrans təxribatdır
Ankara universiteti ilə “Hrant Dink Fondu”nun birgə keçirdiyi “Möhürlü qapı: Türkiyə-Ermənistan sərhədlərinin gələcəyi” adlı konfrans Türkiyə ilə Azərbaycan arasında münasibətləri soyutmaq, müəyyən təxribatlar aparmaq məqsədi daşıyır. Bu barədə Trend-ə millət vəkili Elman Məmmədov deyib.
O bildirib ki, Türkiyə rəsmiləri, o cümlədən Türkiyənin əvvəlki baş naziri, indiki Prezidenti Rəcəb Tayyib Ərdoğan, keçmiş xarici işlər naziri, indiki Baş naziri Əhməd Davudoğlu, keçmiş prezidenti Abdulla Gül, Böyük Millət Məclisi dəfələrlə bəyan edib ki, nə qədər ki, Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxlayır, Türkiyə-Ermənistan sərhədlərinin açılması barədə heç bir söhbət ola bilməz: “Yəni Türkiyə bu istiqamətdə öz mövqeyini həmişə bildirib. Vaxtaşırı olaraq müəyyən qruplar, müəyyən siyasi dairələr, qeyri-hökumət təşkilatlar və ya mətbuat orqanları xüsusi tapşırıq ilə bu istiqamətdə fikir söyləyir, təkliflər verir. Ancaq bu, Türkiyə dövlətinin rəsmi mövqeyi deyil. Türkiyə heç vaxt belə yola getməz. Hesab edirəm ki, qardaş Türkiyə öz qardaşlıq, dostluq andına sədaqətli qalacaq”.
Millət vəkili qeyd olunan məsələdə bəzi dövlətlərin də təzyiqini istisna etməyib: “Burada digər dövlətlərin də təzyiqi mövcuddur. Çünki Ermənistan deyilən dövlətin hansı dövlətlərin cəhdi nəticəsində yaradılması məlumdur və Ermənistan daim onların himayəsində olub, bu gün də onların himayəsindədir. Ermənistan deyilən terrorçu, cinayətkar cırtdan dövlət bu gün də həmin dövlətlərin xuliqan, cinayətkar övladı kimi saxlanılır”.
Onun sözlərinə görə, bu gün hətta Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyi bir vaxtda Azərbaycana da təzyiqlər göstərirlər, təhrik edirlər ki, Ermənistanla əlaqə yaradın: “Bu həmin dövlətlərin riyakarlığı, qeyri-səmimiliyidir. Ancaq bütün bunlara baxmayaraq, hər dövlətin özünəməxsus xarici və daxili siyasəti var. Kənardan kiminsə nəsə deməyi ilə deyil. Türkiyənin özünün öz yolu və siyasəti var”.
Trend.az