Ekologiya və Təbii Sərvətlər Nazirliyi əsas sürüşmə zonalarından olan Ağsu aşırımı ilə bağlı mövqeyini açıqlayıb
Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkənin əsas sürüşmə zonalarından biri olan Ağsu aşırımı ilə bağlı mövqeyini açıqlayıb.
Trend-in məlumatına görə, ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov jurnalistlərə bildirib ki, Ağsu aşırımında restoran, tikili olmamalıdır: “Nazirliyin qəti mövqeyi ondan ibarətdir ki, Ağsu aşırımında heç bir təsərrüfat fəaliyyəti, restoran, tikili olmamalıdır. Nazirlik dəfələrlə restoranları oradan çıxarmaq istəyəndə çox ağır təzyiqlərlə üz-üzə gəlib”.
Nazir hesab edir ki, Ağsu aşırımındakı restoranların, təsərrüfat obyektlərinin fəaliyyəti sürüşmənin yeganə səbəbi olmasa da, əsas səbəblərindən biridir.
H.Bağırovun sözlərinə görə, həmin ərazidə sudan istifadə olunsa da, mərkəzləşdirilmiş kanalizasiya sistemi yoxdur. Ərazidəki çirkab, kanalizasiya suları, hətta təmiz suların boru xətlərindən olan axıntılar da vəziyyətin gərginləşməsinə səbəb olur.
Nazir qeyd edib ki, ümumilikdə ölkədə sürüşməyə məruz qalan ərazilərin sayı artır: “Bu da onunla bağlıdır ki, daha geniş ərazilərdə təsərrüfat fəaliyyətləri qurulur, hansısa tikililər yaradılır və nəticədə yamaclardakı dayanıqlılıq zəifləyir. Bu tendensiya tədricən artmağa doğru gedir. Bakı üzrə sürüşmə zonalarının artmasının əsas səbəblərindən biri odur ki, burada təsərrüfat fəaliyyəti çox fəaldır”.
H.Bağırov bildirib ki, sürüşmə üçün təbii potensialı olan ərazilərə hansısa kənar təzyiq olanda orada bu proses özünü daha asanlıqla göstərir.
Nazir əlavə edib ki, Şamaxıda əsas sürüşmə sahələri yolların kənarındadır. Çünki yollar çəkilərkən kəsilən yamacların dayanıqlığı zəifləyir və nəticədə sürüşməyə meyillilik yaranır.
Trend.az