“Dəyirmi masa”da əhalinin məşğulluğunun təmin edilməsi ilə bağlı məsələlər müzakirə olunub
Əhalinin səmərəli məşğulluğunun təmin edilməsi ilə bağlı məsələlər Zaqatala Rayon Məşğulluq Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsində sosial tərəfdaşların rolu” mövzusunda “dəyirmi masa”da geniş müzakirə olunub.
AzərTAc xəbər verir ki, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilat nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə məşğulluqla bağlı qəbul edilmiş hüquqi-normativ sənədlər barədə işəgötürənlərə müvafiq məlumatlar verilib, işə qəbul, kvota üzrə işə düzəltmə, ştatların ixtisarı və digər məsələlərə aydınlıq gətirilib. Bu sahədə işəgötürənlərin vəzifələri qeyd edilib, sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin işlə təmin olunmalarının vacibliyi diqqətə çatdırılıb.
“Dəyirmi masa”da işəgötürənlərin məşğulluq mərkəzi ilə sıx tərəfdaşlığının işaxtaranların işlə təmin edilməsində müsbət rol oynadığı, bu istiqamətdə hər il rayonda keçirilən əmək yarmarkalarının əhəmiyyəti xüsusi vurğulanıb. İşəgötürənlərə məşğulluq tədbirlərində daha fəal iştirak etmələri tövsiyə olunub.
Tədbirin sonunda işəgötürənlərə məşğulluqla bağlı məlumatlandırıcı buklet və metodiki vəsaitlər paylanılıb.
AzərTac.az