“Dövlətçilik və vətənpərvərlik məfhumları dini icmaların fəaliyyətində əsas xətt olmalıdır”

Posted by

"Dövlətçilik və vətənpərvərlik məfhumları dini icmaların fəaliyyətində əsas xətt olmalıdır"“Dövlətçilik və vətənpərvərlik məfhumları dini icmaların fəaliyyətində əsas xətt olmalıdır”

"Dövlətçilik və vətənpərvərlik məfhumları dini icmaların fəaliyyətində əsas xətt olmalıdır"

Bu gün Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Suraxanı rayonunda dini icmaların nümayəndələri ilə görüş keçirib.

 

Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdən öncə M.Qurbanlı və Suraxanı rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət ediblər.

 

Tədbiri giriş sözü ilə açan Suraxanı rayon İcra Hakimiyyətinin başçısı İ.Abbasov görüşün əhəmiyyətini vurğulayaraq qeyd edib ki, bu, dini icmaların gələcək fəaliyyəti baxımından böyük önəm kəsb edir.

 

DQİDK-nın Bakı şəhəri üzrə şöbə müdiri Anar Kazımov çıxış edərək rayondakı dini durum, dini icmalar, eləcə də məscid və ziyarətgahlarla bağlı geniş məlumat verib.

 

M.Qurbanlı çıxış edərək bildirib ki, müstəqilliyimizin bərpasından sonra xalqımızın milli-mənəvi dəyərlərinə qayıdışı prosesi sürətlənib. Dövlət Komitəsinin sədri bu istiqamətdə ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərini qeyd edib və hazırda Prezident İlham Əliyevin milli-mənəvi dəyərlərimizin inkişafı istiqamətində həyata keçirdiyi tədbirlərdən danışıb.

 

Son illərdə ölkəmizdə bütün sahələrdə olduğu kimi, milli-mənəvi dəyərlərimizə dövlət qayğısının daha da artdığını diqqətə çatdıran sədr Prezident İlham Əliyevin təşəbbüsü ilə əsaslı təmir və bərpa olunan ibadət ocaqlarının, ziyarətgahların sayının gündən-günə artdığını bildirib.

 

Komitə sədri qeyd edib ki, Azərbaycanda dinlərarası münasibətlər, tolerantlıq ənənələri, milli-mənəvi dəyərlərimizin düzgün təbliği, ənənəvi dindarlıq anlayışının və ölkəmizin tolerantlıq modelinin mahiyyəti, müasir dünyada dini dözümlülüyün əhəmiyyəti, habelə, dövlətçilik və vətənpərvərlik məfhumları bu gün dini icmalarımızın fəaliyyətində əsas xətt olmalıdır.

 

Çıxış edən din xadimləri – Qaraçuxur qəsəbə məscidinin imamı Qurban Əliyev, Qaraçuxur qəsəbə məscidinin axundu Mirfətta Fəttayev son vaxtlarda Dövlət Komitəsi tərəfindən həyata keçirilən tədbirləri yüksək qiymətləndirdiklərini söyləyiblər.

 

Sonda M.Qurbanlı tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıb.

 

Trend.az