Dövlət qulluğu vəzifəsində işləmək istəyənlərin 1/3-i imtahandan uğurla keçib

Posted by

Dövlət qulluğu vəzifəsində işləmək istəyənlərin 1/3-i imtahandan uğurla keçibDövlət qulluğu vəzifəsində işləmək istəyənlərin 1/3-i imtahandan uğurla keçib

Dövlət qulluğu vəzifəsində işləmək istəyənlərin 1/3-i imtahandan uğurla keçib

Azərbaycanda vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün 26 sentyabr, 17 oktyabr, 4 və 14 noyabr 2014-cü il tarixlərdə elan edilmiş müsabiqələrin test imtahanı mərhələsi başa çatıb. İmtahanda iştirak etmiş namizədlərin yalnız 33,2%-i uğur qazanıb.

 

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyadan Trend-ə verilən məlumata görə, 26 sentyabr, 17 oktyabr, 4 və 14 noyabr 2014-cü il tarixlərdə Komissiya 81 dövlət orqanında inzibati vəzifələrin beşinci – yeddinci təsnifatlarına uyğun olan 922 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün müsabiqə elan edib.

 

Müsabiqədə iştirak etmək üçün Komissiyada 2586-sı qadın namizəd olmaqla 7769 namizəd qeydə alınıb. Qeydə alınmış namizədlərin ortalama 76,59%-ni gənclər təşkil edib. Namizədlərdən 2593 nəfəri (33,38%) test imtahanında iştirak etməyib.

 

Test imtahanı mərhələsində iştirak edən 5176 namizəddən 32,55%-i qadın, 76,20%-i gənc namizəd olub. Test imtahanı mərhələsini 551-i qadın namizəd olmaqla 1720 namizəd uğurla başa vurub. Test mərhələsini uğurla keçənlərin ortalama 81,28%-ni gənc namizədlər təşkil edib. Test mərhələsini uğurla başa vuran namizədlərdən:

 

– 585 nəfəri 5-ci təsnifat inzibati vəzifələr üzrə keçid balını toplayıb;

 

– 767 nəfəri 6 və ya 7-ci təsnifat inzibati vəzifələr üzrə keçid balını toplayıb;

 

– 368 nəfəri 5-ci təsnifat inzibati vəzifələrə iddia etsə də bu vəzifələr üzrə keçid balını toplamayıb, lakin 6-cı və ya 7-ci təsnifat inzibati vəzifələr üzrə müsahibə mərhələsində iştirak edə bilər. Onlardan 169 nəfəri bu hüquqdan istifadə edib.

 

Hər bir namizədə test imtahanı qurtaran kimi dərhal onun nəticələrini əks etdirən arayış təqdim edilib. Eyni zamanda, nəticələr Komissiyanın rəsmi internet saytında da yerləşdirilib.

 

Ən yüksək rəqabət Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın İnsan resurslarının idarə edilməsi və dövlət qulluğuna kadrların seçilməsi şöbəsində vakant olan aparıcı məsləhətçi vəzifəsi (327 namizəd), Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin Sığorta fəaliyyətinə nəzarət şöbəsində vakant olan məsləhətçi vəzifəsi (252 namizəd), Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Kadr və kargüzarlıq şöbəsində vakant olan məsləhətçi vəzifəsi üzrə (169 namizəd) olub.

 

Test imtahanı mərhələsində ən çox uğur qazanan namizəd Ekologiya və Təbii Sərvətlər Nazirliyi (207 nəfər), Maliyyə Nazirliyi (178 nəfər) və Dövlət Sosial Müdafiə Fondu üzrə (155 nəfər) olub.

 

Müsabiqənin müsahibə mərhələsi 10 dekabr 2014-cü il tarixdən başlayıb. Səhiyyə Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Milli Televiziya və Radio Şurası, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Şirvan Apellyasiya Məhkəməsi üzrə keçirilən müsahibələr başa çatıb. Qeyd olunan 5 dövlət orqanı üzrə müsahibə mərhələsində iştirak etmək üçün 44 namizəd qeydə alınıb. Onlardan 13-ü müsahibədən uğurla keçib.

 

Digər dövlət orqanları üzrə müsahibə mərhələsi davam edir.

 

Trend.az