Dövlət Komitəsində İrqçiliyə və Dözümsüzlüyə qarşı Avropa Komissiyasının nümayəndə heyəti ilə görüş keçirilib
Azərbaycan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Avropa Şurası çərçivəsində fəaliyyət göstərən İrqçiliyə və Dözümsüzlüyə qarşı Avropa Komissiyasının nümayəndə heyəti ilə görüş keçirilib.
Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə komitə sədrinin müavini Fuad Hüseynov və bir sıra dövlət qurumlarının nümayəndələri da iştirak ediblər.
F. Hüseynov Dağlıq Qarabağ münaqişəsinin yaranma səbəbləri, rus hərbi birləşmələrinin köməyi və iştirakı ilə Azərbaycan ərazilərinin 20 faizinin işğal olunması, bir milyondan çox vətəndaşımızın bu işğal nəticəsində qaçqın və məcburi köçkünə çevrilməsi, ermənilər tərəfindən misli görünməmiş Xocalı faciəsinin, çoxsaylı terror aktlarının törədilməsi və sair bu kimi məsələlərlə bağlı ətraflı məlumat verib.
Dövlət qurumlarının nümayəndələri Avropa Şurası çərçivəsində fəaliyyət göstərən İrqçiliyə və Dözümsüzlüyə qarşı Avropa Komissiyasının nümayəndə heyətini maraqlandıran sualları cavablandırıblar.
Avropa Komissiyasının nümayəndə heyətinin üzvləri onları maraqlandıran suallara ətraflı cavab aldığına görə minnətdarlıqlarını bildirib, bütün bunların onlar üçün mühüm önəm daşıdığını söyləyiblər.
Apa.az