Dövlət Komitəsi: Abşeron rayonunda 8000 köçkün ailənin məskunlaşması üçün yeni yaşayış kompleksi tikiləcək
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi (QMKİDK) Bakı şəhəri və Abşeron rayonu ərazisində müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrinə müraciət edib.
Komitənin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, müraciət əsasında Bakı şəhəri və Abşeron rayonu ərazisində müvəqqəti məskunlaşmış məcburi köçkünlərin nəzərinə çatdırılıb ki, Qaradağ rayonunun Müşfiqabad qəsəbəsi və Abşeron rayonunun Masazır qəsəbəsində məcburi köçkünlər üçün salınmış yeni çoxmərtəbəli yaşayış binaları kompleksinə Bakı şəhəri ərazisində ağır şəraitdə yaşayan məcburi köçkünlərin köçürülməsi başa çatdırılıb. Bildirilib ki, Bakı şəhəri və Abşeron rayonu ərazisində yaşayan məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün QMKİDK tərəfindən müvafiq tədbirlər görülür. Abşeron rayonunun Qobu bələdiyyəsi ərazisində ilkin mərhələdə 8000 ailənin məskunlaşdırılması üçün 2014-cü ildə həmin ərazidə layihələndirmə işlərinə başlanılacaq, 2015-ci ildə yaşayış kompleksinin texniki infrastrukturunun (mühəndis hazırlıq işləri, su, işıq, qaz, istilik sistemi və.s) qurulması və 2016-cı ildə isə mənzillərin tikintisi başa çatdırılaraq məcburi köçkünlərin həmin əraziyə köçürülməsi prosesinə başlanılacaq. Məcburi köçkünlərin nəzərinə çatdırılır ki, məcburi köçkünlərin problemlərinin həlli Dövlətin və Komitənin gündəlik nəzarətindədir və bu sahədə işlər mərhələli şəkildə həyata keçirilir.
Qeyd edilib ki, 2003-2013-cü illər ərzində Dövlət Neft Fondundan və digər mənbələrdən ayrılmış vəsait hesabına 37,0 min ailə və ya 166 min nəfərdən çox məcburi köçkün üçün 2,2 milyon kvadrat metr sahəsi olan 61 qəsəbə və fərdi evlər inşa edilmiş, 120 məktəb, 6 musiqi məktəbi, 33 uşaq bağçası, 37 tibb müəssisəsi, 34 klub-icma mərkəzi, 28 rabitə evi tikilmiş, 490,6 kilometr yol, 644,0 kilometr su, 1059,0 kilometr hava elektrik, 310,0 kilometr qaz, 75,5 kilometr kanalizasiya, 20 kilometr istilik xətləri çəkilib, 581 müxtəlif gücə malik olan elektrik transformatoru quraşdırılıb. Ümumiyyətlə, 2001-2013-cü illər ərzində Dövlət Neft Fondundan və digər mənbələrdən ayrılmış vəsait hesabına 2,5 milyon kvadrat metr sahəsi olan, bütün sosial-texniki infrastruktura malik 82 müasir qəsəbə salınmış, 40 min ailə 180 min nəfərədək qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb.