Dövlət başçıları İlham Əliyevi qələbə qazanması münasibətilə təbrik edirlər
Türkiyə Respublikasının Prezidenti Abdullah Gül Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.
Abdullah Gül prezident seçkilərində böyük qələbə qazanması münasibətilə dövlətimizin başçısını təbrik etmiş, Azərbaycan xalqının rifahı və əmin-amanlığı naminə prezidentlik fəaliyyətində ona uğurlar arzulamışdır. Dövlətimizin başçısı göstərilən diqqətə və təbrikə görə Türkiyənin Prezidentinə minnətdarlığını bildirmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Abdullah Gül ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrinin daim inkişaf etdiyini qeyd edərək ikitərəfli münasibətlərimizin bütün sahələrdə bundan sonra da inkişaf etdiriləcəyinə əminliklərini bildirmişlər.
Oktyabrın 9-da Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir.
Rəcəb Tayyib Ərdoğan prezident seçkilərində əldə etdiyi inamlı qələbə münasibətilə Prezident İlham Əliyevi təbrik etmiş, xalqımızın və dövlətimizin gələcək inkişafı naminə ona ali dövləti fəaliyyətində yeni-yeni uğurlar arzulamışdır.
Dövlətimizin başçısı göstərilən diqqətə və təbrikə görə Türkiyənin Baş nazirinə minnətdarlığını bildirmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan dostluq və qardaşlıq prinsiplərinə əsaslanan əlaqələrimizin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliklərini ifadə etmişlər.
Ukrayna Prezidenti Viktor Yanukoviç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir. Viktor Yanukoviç dövlətimizin başçısını prezident seçkilərində inamlı qələbə münasibətilə təbrik etmiş, Azərbaycan xalqının firavanlığı naminə ona ali dövləti fəaliyyətində uğurlar arzulamışdır.
Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Ukrayna Prezidentinə minnətdarlığını bildirmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ukrayna Prezidenti Viktor Yanukoviç ölkələrimiz arasında mövcud olan dostluq münasibətlərinin uğurla inkişaf etdiyini vurğulayaraq əlaqələrimizin bundan sonra da inkişaf etdiriləcəyinə əmin olduqlarını bildirmişlər.