Dərman vasitələrinin qiyməti ilə bağlı Tarif Şurasının növbəti iclası sentyabrın sonunadək keçiriləcək
“Növbəti 55 təsiredici maddə üzrə dərman vasitələrinin qiymətlərinin təsdiqlənməsi üçün sənədlərin (bəyannamələrin) qəbulu elan olunub və hazırda Tarif (qiymət) Şurasının Katibliyinə təqdim olunmuş məlumatlar araşdırılır. Həmin təsiredici maddələr üzrə dərman vasitələrinin qiymətlərinin müəyyənləşdirilməsi işləri aparılır və sentyabrın sonunadək Tarif (qiymət) Şurasının növbəti iclasının keçirilməsi nəzərdə tutulur”.
APA-nın xəbərinə görə, bunu iqtisadiyyat və sənaye naziri, Tarif (qiymət) Şurasının sədri Şahin Mustafayev “Azərbaycan” qəzetinə müsahibəsində deyib.
Ş. Mustafayevin sözlərinə görə, böyük sosial əhəmiyyət kəsb edən bu proses bütün dərman vasitələrinin qiymətləri tənzimlənənədək intensiv şəkildə davam etdiriləcək: “Bu ilin sonunadək əksər dərman vasitələri üzrə qiymətlərin tənzimlənməsi başa çatdırılacaq. Bir daha qeyd edim ki, tənzimləmə prosesinin gedişi, hər dəfə qiymətləri təsdiqlənən dərman vasitələri, onların qiymətləri və yeni qiymətlərin qüvvəyə minmə tarixləri barədə məlumatlar KİV vasitəsilə ictimaiyyətə çatdırılacaq”.
Apa.az