Dəniz quldurluğu məsələsi beynəlxalq ictimaiyyəti narahat edir

Posted by

Dəniz quldurluğu məsələsi beynəlxalq ictimaiyyəti narahat edir Dəniz quldurluğu məsələsi beynəlxalq ictimaiyyəti narahat edir

Dəniz quldurluğu məsələsi beynəlxalq ictimaiyyəti narahat edir

Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti Beynəlxalq Dəniz Təşkilatının Dəniz Təhlükəsizliyi

Komitəsinin 94-cü sessiyasında iştirak edib.

 

Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Administrasiyanın rəisi Qüdrət Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti BMT-nin ixtisaslaşmış təşkilatı olan, Azərbaycan Respublikasının 1995-ci ildən üzvü olduğu Beynəlxalq Dəniz Təşkilatının (İMO) London şəhərində keçirilmiş Dəniz Təhlükəsizliyi Komitəsinin 94-cü sessiyasında iştirak edib.

 

Sessiyada “Dənizdə insan həyatının mühafizəsinə dair”, “Dənizin gəmilərdən çirkləndirilməsinin qarşısının alınması haqqında” və “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair” Beynəlxalq Konvensiyalara edilən dəyişikliklərin təhlil olunması və göstərilən dəyişikliklərin milli qanunvericiliyə implementasiyası üzrə müzakirələr aparılıb.

 

Sessiya zamanı “Dənizdə insan həyatının mühafizəsinə dair Beynəlxalq Konvensiya”nın Dənizdə təhlükəsizliyin artırılması üzrə xüsusi tədbirlər ilə əlaqədar XI-1-ci fəslinə əlavə edilməsi nəzərdə tutulan “Qapalı yerlərdə atmosferin yoxlanılması üçün vasitələr” adlı yeni Qaydanın və XIV Fəsil olaraq nəzərdə tutulan “Qütb sularında istismar edilən gəmilər üçün təhlükəsizlik tədbirləri” adlı yeni Məcəllənin layihələri üzrə intensiv müzakirələr aparılıb.

 

Komitənin 94-cü sessiyasında beynəlxalq ictimaiyyəti dərindən narahat edən dəniz quldurluğu hallarının qarşısının alınması ilə bağlı həyata keçirilməsi nəzərdə tutulan tədbirlər, dəniz mühitinin mühafizəsinin və dənizdə təhlükəsizliyin ən yüksək səviyyədə təmin edilməsi ilə əlaqədar dünya dəniz dövlətləri tərəfindən həyata keçirilməsi zəruri olan fəaliyyətlər ilə əlaqədar məruzələr dinlənilib.

 

Tədbir çərçivəsində Britaniya Dəniz yollarına məxsus gəmidə baş vermiş yanğın zamanı 32 nəfərin xilas edilməsi uğrunda göstərdikləri xüsusi şücaətə görə kapitan Andreas Kristensen və onun rəhbərlik etdiyi heyət “2014-cü il Dənizdə Şücaət (Bravery at Sea) Mükafatı” ilə təltif olunublar.

 

Eyni zamanda, Azərbaycan Respublikasının nümayəndə heyəti tərəfindən Beynəlxalq Dəniz Təşkilatı rəsmiləri və sessiyada iştirak edən üzv dövlətlərin nümayəndələri ilə ikitərəfli görüşlər keçirilib, respublikamızda dəniz nəqliyyatı sahəsində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib.

 

Dəniz Təhlükəsizliyi Komitəsinin 94-cü sessiyası bir sıra Beynəlxalq Konvensiyalara dəyişikliklər edilməsi barədə qərar qəbul edilməsi ilə öz işini yekunlaşdırıb.

 

Trend.az