Ədliyyə orqanlarında işə qəbul olmaq istəyənlərin hər üç nəfərindən biri qadındır
Ədliyyə orqanlarında qulluğa qəbul məqsədilə test imtahanı keçirilir.
Trend xəbər verir ki, test imtahanı TQDK ilə birlikdə bütün namizədlər üçün Azərbaycan Texniki Universitetinin idman sarayında vahid auditoriyada keçirilir. Tədbirin gedişi Ədliyyə Nazirliyinin internet səhifəsi vasitəsilə “online” rejimində barbaşa yayımlanır. 3 saat davam edəcək imtahanda namizədin hüquqi biliklərini, məntiqi nəticələr çıxarmaq qabiliyyətini və ümumi dünya görüşü müəyyən etmək üçün verilən test tapşırığı 100 sualdan ibarətdir. Test imtahanının yekununa görə, mümkün 100 baldan 55 və daha artıq bal toplamış namizədlər uğur qazanmış hesab olunur.
Test imtahanının nəticələri imtahandan dərhal sonra Ədliyyə Nazirliyinin və TQDK-nın internet səhifələrində, həmçinin nazirliyin aparatında xüsusi lövhələrdə yerləşdiriləcək.
İmtahan saat 10:05-də başlayıb.
Ədliyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, müsabiqədə iştirakla bağlı 450-dən çox hüquqşünas müraciət edib. Onların əksəriyyəti gənclərdir. Namizdələr bütün regionları təmsil edir və onların təxminən hər 3 nəfərindən biri qadındır. Namizədlərin yarıdan çoxu əmək fəaliyyətinə ilk dəfə ədliyyə orqanlarında başlamaq istəyənlərdir.
Qeyd edək ki, bu il sentyabrın 17-də elan edilmiş 12-ci açıq müsabiqə barədə ölkənin bütün regionlarında geniş məlumatlandırma işi aparılıb, arzu edən hüquqşünaslar müsabiqəyə dəvət olunublar. Vakant ştat vahidləri əsasən nazirliyin yerli icra və qeydiyyat qurumlarında, eləcə də regional ədliyyə şöbələrindədir.
Namizədlərin imtahanlara mükəmməl hazırlaşmalarına və yüksək nəticələrə nail olmalarına köməklik məqsədilə test imtahanı və söhbət mərhələsində sualların hazırlanmasında istifadə olunan normativ hüquqi aktlara dair xülasə, eləcə də “Yaddaş kitabçası” onlara çatdırılıb, əvvəlki illərdə olduğu kimi onlar üçün Ədliyyə Akademiyasında xüsusi proqram əsasında növbəti hazırlıq kursu təşkil olunub.
Trend.az