Deputat: Yunanıstan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində səylərini daha da artıracaq

Posted by

Deputat: Yunanıstan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində səylərini daha da artıracaq

Deputat: Yunanıstan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində səylərini daha da artıracaq

Deputat: Yunanıstan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində səylərini daha da artıracaq

Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov martın 17-də Yunanıstan Parlamentinin deputatı, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Yunanıstandan olan üzvü Marias Epameinondas ilə görüşüb.

Trend-in məlumatına görə, Baş nazirin müavini Əli Həsənov avropalı deputata Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, problemin tarixi və ölkəmizdəki qaçqın və məcburi köçkünlərin vəziyyəti haqqında məlumat verib. Bildirilib ki, son 200 ildə Cənubi Qafqaz regionunda gedən mürəkkəb siyasi proseslər nəticəsində azərbaycanlılar bir neçə dəfə öz əzəli yurdlarından zorla köçürülməyə, etnik təmizləmə və deportasiya siyasətinə məruz qalıblar.

Baş nazirin müavini Ermənistan silahlı qüvvələrinin Azərbaycana hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin – Dağlıq Qarabağ və ona bitişik 7 inzibati rayonun işğal olunduğunu, bir milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkünə çevrildiyini, milli-mədəni sərvətlərimizin talan edildiyini, bütün infrastrukturun dağıdıldığını qonağın diqqətinə çatdırıb.

Əli Həsənov vurğulayıb ki, BMT Təhlükəsizlik Şurası tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi, qaçqınların və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması haqqında dörd qətnamə qəbul edilib. Ermənistanın təcavüzkar siyasəti ATƏT, Avropa Şurası Parlament Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qərar və qətnamələrdə pislənilib. Təəssüf ki, bu qərar və qətnamələr hələ də kağız üzərində qalır. Beynəlxalq ictimaiyyətin tələblərinə məhəl qoymayan Ermənistan işğal edilmiş Azərbaycan ərazilərində qanunsuz fəaliyyətini davam etdirməkdədir. ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə 20 ildən artıqdır davam edən danışıqlar prosesi hələ də heç bir nəticə verməyib.

Bu dövrdə Ermənistanın iqtisadiyyatı daha da ağır duruma düşüb, əhali ölkəni sürətlə tərk etməyə başlayıb, Azərbaycanın iştirakı ilə reallaşdırılan beynəlxalq regional layihələrdən kənarda qalıb. Lakin bu münaqişə olmasaydı, onlar həyata keçirilən bu layihələrdən faydalanaraq iqtisadiyyatlarını ağır durumdan çıxara bilərdilər. Bu 20 ildə erməni xalqı münaqişədən heç nə qazanmayıb.

Azərbaycanın münaqişənin sülh yolu ilə ədalətli həllində maraqlı olduğunu qeyd edən Baş nazirin müavini bildirib ki, Azərbaycan hökuməti qaçqın və məcburi köçkünlərin ehtiyaclarını ödəmək üçün həm hüquqi, həm də sosial-iqtisadi sahədə böyük işlər görür. Qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli məqsədilə Azərbaycan hökuməti son 20 ildə 5,4 milyard ABŞ dolları məbləğində vəsait xərcləyib. Azərbaycan Respublikasının Dövlət Neft Fondundan ayrılan vəsait hesabına 180 min qaçqın və məcburi köçkün yeni qəsəbələrə köçürülüb və bu proses davam edir. Qeyd olunub ki, 2003-cü ildə ölkədə yoxsulluğun səviyyəsi 49 faizə, qaçqın və məcburi köçkünlər arasında isə 75 faizə bərabər idi. Lakin görülən tədbirlər nəticəsində bu gün ölkədə yoxsulluq 5 faizə, qaçqın və məcburi köçkünlər arasında isə 15 faizə endirilib.

Yunanıstan Parlamentinin deputatı Marias Epameinondas Ermənistanın Azərbaycana qarşı təcavüzü və doğma yurdlarından qovulmuş azərbaycanlı qaçqın və məcburi köçkünlərin problemlərindən xəbərdar olduqlarını söyləyib. O, Ermənistanın BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş qətnamələri yerinə yetirməməsinin təəssüf doğurduğunu vurğulayıb, Azərbaycanın ədalətli mövqeyini dəstəkləyəcəklərini qeyd edib.

Marias Epameinondas bildirib ki, ölkəsi bir çox hallarda beynəlxalq tədbirlərdə Azərbaycanın haqlı mövqeyini dəstəkləyir.

Azərbaycanın müstəqilliyinin bərpasından keçən qısa müddətdə dinamik inkişaf etdiyini deyən Marias Epameinondas vurğulayıb ki, bu müddətdə ölkəsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində səylərini daha da artıracaqdır. Ölkələrimiz arasındakı iqtisadi əlaqələrdən danışan qonaq bu münasibətlərin gələcək illərdə də yüksələn xətlə inkişaf edəcəyinə əminliyini bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Sonda qonağa “Qaçqın və məcburi köçkünlərə Prezident qayğısı” kitabı və disk təqdim edilib.

 

Trend.az