Daxili Qoşunların Baş İdarəsində ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü qeyd olunub
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ərəfəsində bu münasibətlə Daxili Qoşunların Baş İdarəsində təntənəli mərasim keçirilmişdir. Trend-in məlumatına görə, tədbirdə Yeni Azərbaycan Partiyası Siyasi Şurasının və İdarə Heyətinin üzvü, partiyanın icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı və millət vəkili Aydın Mirzəzadə iştirak etmişlər.
Əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Sonra Daxili Qoşunların Nümunəvi-göstərici hərbi orkestrinin müşayiəti ilə mərasim iştirakçıları Azərbaycan Respublikasının Dövlət Himnini ifa etmişlər.
İlk olaraq çıxış üçün söz millət vəkili Aydın Mirzəzadəyə verilmişdir. Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqının tarixində misilsiz xidmətlərindən danışan millət vəkili onun həyat və fəaliyyətinin əsasən üç mərhələdə araşdırılmasının zəruriliyini vurğulamışdır: “Ulu öndərimiz 1969-cu ilə qədərki dövrdə özünü büruzə verməyərək, dövlət təhlükəsizliyimizi qorumaq üçün bütün həyatı boyu çalışdı. İkinci mərhələdə o, siyasi arenaya çıxdı və hamı Heydər Əliyev adlı bir şəxsiyyəti tanıdı. Qısa müddət ərzində Azərbaycanı bataqlıqdan xilas etdi, ona yeni bir nəfəs verdi. Həmin illərdə qazandıqlarımız bugünkü müstəqil Azərbaycanın gələcək uğurlarından xəbər verirdi. Həyatının üçüncü mərhələsində isə Heydər Əliyev milləti bəlalardan qurtardı, xilas etdi, xalqımız milli qurtuluşa nail oldu”.
A.Mirzəzadə bildirmişdir ki, xalqını, Vətənini hədsiz sevən dahi lider milli dövlətçiliyimizin, azərbaycançılıq idealogiyasının əsasını qoymuşdur: “Bu gün Azərbaycan hər sahədə uğurlar qazanır, nailiyyətlər əldə edir. Bütün bunlar bir daha sübut edir ki, Heydər Əliyev siyasəti düzgün siyasətdir. Azərbaycan xalqı məhz dahi oğlu Heydər Əliyevin rəhbərliyi ilə inkişaf etdi və dünya miqyasında tanınmağa başladı”.
Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu müstəqil dövlətçiliyin təməl prinsiplərindən geniş danışan millət vəkili Mübariz Qurbanlı isə xüsusi olaraq vurğulamışdır ki, tarixə müasir Azərbaycanın memarı olaraq düşən dahi rəhbərimiz hər zaman Azərbaycanı özünə güvənən qüdrətli bir ölkəyə çevirmək istəyirdi: “Ulu öndər bu yolda qəti addımlar atmış, əməli işlər görmüş, iqtisadi inkişaf yolunda olan Azərbaycanın etibarlı, sağlam gələcəyini qurmuşdur”.
O, daha sonra qeyd etmişdir ki, ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ölkəmizi iqtisadi cəhətdən irəli aparmaqla yanaşı, eyni zamanda, Azərbaycan xalqının mənəvi aləmində, milli şüurunda böyük təkamülün, böyük dəyişikliyin yaranmasına gətirib çıxartdı: “Heydər Əliyevin xalqımız qarşısında xidmətləri o qədər böyük və zəngindir ki, bu, zaman-zaman tədqiqat mövzusu olacaq. Ümummilli Liderimizin fəaliyyəti Azərbaycanın dünəni, bu günü və gələcəyinə hesablanmış fəaliyyətdir”.
Heydər Əliyev siyasi kursunun hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirən YAP İcra katibinin müavini diqqətə çatdırmışdır ki, bu gün Azərbaycan dövləti müstəqil siyasət həyata keçirir, iqtisadiyyatımız günü-gündən inkişaf edir, ordumuz güclənir: “Bütün bunlara görə hər birimiz Azərbaycan xalqı qarşısında misilsiz xidmətləri olmuş dahi şəxsiyyətə borcluyuq. Bir sözlə, Azərbaycan xalqı yaşadıqca, Heydər Əliyev ideyaları da yaşayacaqdır”.
Sonra çıxış üçün söz daxili işlər nazirinin müavini – Daxili Qoşunların komandanı general-mayor Şahin Məmmədova verilmişdir.
Ümummilli lider Heydər Əliyevin anadan olduğu günün – 10 may tarixinin təqvimə əlamətdar gün kimi daxil olduğunu deyən komandan, hər zaman ulu öndərin varlığının, qüdrətinin hiss olunacağını nəzərə çatdırmışdır: “Heydər Əliyev şəxsiyyəti müxtəlif zamanlarda, bir-birinə zidd müxtəlif siyasi quruluşlarda fəaliyyət göstərsə də, həmişə ürəyi xalqı ilə birgə döyünmüş, həmişə doğma Azərbaycana xidmət etmişdir”.
General-mayor Ş.Məmmədov qeyd etmişdir ki, ömrünün böyük hissəsini xalqa fəda etmiş ümummilli lider Heydər Əliyev həm də qüdrətli Azərbaycan ordusunun yaradıcısıdır: “Sovet rejiminin ən kəsərli dönəmində, 1973-cü ildə Azərbaycanda Cəmşid Naxçıvanski adına hərbi məktəbin açılmasına nail olmuş ulu öndər bu cəsarətli addımı ilə elə bugünkü ordumuzun təməlini qoymuşdur. O illərdə Azərbaycanda hərbi məktəb yaratmaq və həmin məktəbə azərbaycanlı generalın adını vermək çox böyük risk və cəsarət tələb edirdi. Bu gün Azərbaycan Silahlı Qüvvələrinin çoxsaylı generalları məhz Cəmşid Naxçıvanski adına məktəbin məzunlarıdır.
Bir mərkəzdən idarə edilən, vahid komandanlığa tabe olan, müasir hərb elminin tələblərinə cavab verən Azərbaycan Silahlı Qüvvələri Ümummilli Lider Heydər Əliyevin başladığı və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi məqsədyönlü siyasət nəticəsində gündən-günə daha da möhkəmlənir, döyüş qabiliyyətini artırır. Konkret desək, artıq Azərbaycan beynəlxalq aləmdə güclü iqtisadiyyata malik bir ölkə kimi tanınmaqla yanaşı, həm də modern bir ordusunun olması ilə də diqqəti cəlb edir”.
Ş.Məmmədov bildirmişdir ki, ümummilli liderin bütövlükdə Azərbaycan üçün etdikləri nəhayətsizdir, sonsuzdur, ölçüyəgəlməzdir: “Hər birimiz müstəqil Azərbaycan dövlətinin azad vətəndaşları olduğumuza görə dahi xilaskara – Heydər Əliyevə borcluyuq”.
Daxili Qoşunların komandanı xüsusi olaraq vurğulamışdır ki, tabeliyində olan bütün hərbi qulluqçular bundan sonra da ulu öndərin ideyalarına sadiq qalacaq, Vətənimizi Heydər Əliyev kimi sevəcək, dövlətimizə, dövlətçiliymizə qarşı çıxanlarla barışmaz olacaq, Respublika Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ətrafında sıx birləşəcək, onun əmr və göstərişlərini sözsüz yerinə yetirəcəklər.
Çıxışlardan sonra mərasim konsert proqramı ilə davam etmişdir.
Trend.az