Dağıstan Prezidenti Ramazan Abdulatipov Heydər Əliyev Mərkəzində olub
Rusiya Federasiyası Dağıstan Respublikasının Prezidenti Ramazan Abdulatipov Azərbaycana səfər çərçivəsində dekabrın 26-da Heydər Əliyev Mərkəzində olub.
Heydər Əliyev Mərkəzindən cümə axşamı Trend-ə verilən məlumata görə, qonağa Heydər Əliyev Mərkəzinin fəaliyyət istiqamətləri, eləcə də Mərkəzin dünya memarlıq inciləri sırasında olan binası barədə məlumat verilib.
Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov Mərkəzin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin siyasi irsinin öyrənilməsi və təbliği istiqamətində fəaliyyət göstərdiyini bildirib. Qeyd edilib ki, Mərkəz, regionda və dünyada beynəlxalq dialoq mərkəzi kimi tanınır. Heydər Əliyev Mərkəzinin müxtəlif sahələri əhatə edən layihələri Azərbaycanın dünyaya tanıdılmasında və ölkələr arasında əlaqələrin genişlənməsində mühüm rol oynayır.
R. Abdulatipov Heydər Əliyev Mərkəzindəki Heydər Əliyev Muzeyində Azərbaycan xalqının ümummilli liderinin həyatını və siyasi fəaliyyətini əks etdirən foto və video materiallarla, eksponatlarla tanış olub. Qonağa bildirilib ki, Muzey Heydər Əliyev irsinin tədqiqi baxımından zəngin məlumat bazası rolunu oynayır. Burada, həmçinin Azərbaycan tarixinin ən önəmli hadisələri barədə məlumatlar əldə etmək mümkündür.
Daha sonra qonaq Heydər Əliyev Mərkəzinin binası eləcə də Auditorium zalı ilə tanış olub.
Xatirə kitabına Heydər Əliyev Mərkəzinə səfərinin təəssüratlarını bölüşən Dağıstan Prezidenti ümummilli lider, görkəmli dövlət xadimi, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevlə şəxsən tanışlıqdan fəxr hissi duyduğunu qeyd edib.
Dağıstan Prezidentinə sonda xatirə hədiyyəsi təqdim olunub.