“Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi hazırlanıb.
Qanun layihəsində Mülki Məcəlləyə 148.2-1-ci maddəsinin əlavə edilməsi təklif olunur. Yeni maddəyə əsasən hüquq sahibinin istəyi ilə “Elektron hökumət” portalında yerləşdirilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında daşınmaz əmlak üzərində sərəncam verildiyi hallarda çıxarışın notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən daşınmaz əmlakın dövlət reyestrindən elektron informasiya sistemləri vasitəsi ilə “Notariat haqqında” qanuna uyğun olaraq real vaxt rejimində əldə ediləcək.
“Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanuna da eyni məzmunlu dəyişikliyin edilməsi təklif edilir. Belə ki, qanunun 5.1-2-ci maddəsinə ikinci cümlənin əlavə edilməsi məqsədəuyğun sayılır. Başqa sözlə, bu maddənin yeni redaksiyasına əsasən, hüquq sahibinin istəyi ilə “Elektron hökumət” portalında yerləşdirilmiş çıxarış notarius, notariat hərəkətləri aparan digər vəzifəli şəxslər tərəfindən dövlət reyestrindən elektron informasiya sistemləri vasitəsi ilə “Notariat haqqında” qanuna uyğun olaraq real vaxt rejimində əldə ediləcək.
Qeyd edək ki, “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında”, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanuna dəyişiklik layihələri daşınmaz əmlaka sərəncam verilməsi sahəsində mexanizmlərin daha da təkmilləşdirilməsi, vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə hazırlanıb. Bu məqsədlə daşınmaz əmlakın dövlət reyestri “Elektron hökumət” portalına inteqrasiya olunacaq, hüquq sahibinin istəyi olduqda (məsələn, hüquq sahibi tərəfindən daşınmaz əmlakın dövlət reyestri tərəfindən çıxarış təqdim edilmədikdə) notarius və ya bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxs həmin portal vasitəsi ilə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı real vaxt rejimində özü əldə edəcək, bununla da daşınmaz əmlak üzərində sərəncam verilməsi daha operativ həyata keçiriləcək.
Qeyd olunan dəyişikliklər “Notariat haqqında” qanuna da düzəlişlərin edilməsi zərurətini yaradıb. Sözügedən qanuna dəyişik layihəsində 36-cı maddənin birinci hissəsinə “aparılması” sözündən sonra “və bununla əlaqədar xidmətlərin göstərilməsi” sözləri, “tələb etmək” sözlərindən sonra “elektron informasiya sistemləri vasitəsi ilə real vaxt rejimində əldə etmək, habelə” sözləri, “dövlət reyestrinin” sözlərindən sonra “eləcə də dövlət torpaq kadastrının” sözlərinin əlavə edilməsi təklif edilir. Bundan başqa, qanunun 36-cı maddəsinin birinci hissəsinə “Notarius və notariat hərəkətləri aparan digər vəzifəli şəxslər tərəfindən elektron informasiya sistemləri vasitəsi ilə əldə edilmiş məlumat və ya sənədlərin sürəti kağız daşıyıcısına keçirilərək təsdiq edilməlidir” cümləsi əlavə edilib.
Qeyd edək ki, bu qanun layihəsi notariusların onlar tərəfindən notariat hərəkətlərinin aparılması və bununla əlaqədar xidmətlərin göstərilməsi üçün lazım olan məlumat və sənədləri elektron sorğular göndərərək elektron informasiya sistemləri vasitəsi ilə real vaxt rejimində əldə etmək hüququnun müəyyən edilməsi ilə bağlı hazırlanıb. Layihədə elektron informasiya sistemləri vasitəsi ilə əldə edilmiş məlumat və sənədlərin mötəbərliyinin təsdiqi məqsədi ilə həmin məlumat və ya sənədlərin surətinin kağız daşıyıcısına keçirilərək təsdiq edilməsi tələbi nəzərdə tutulub.
Layihədə eyni zamanda notariusların dövlət torpaq kadastrından məlumat almaq hüququ təsbit edilib. Belə ki, Vergi Məcəlləsinə edilmiş son dəyişikliklərə əsasən notariusların vergi agenti qismində çıxış etmələri ilə əlaqədar verginin dəqiq və düzgün hesablanması üçün dövlət kadastrının məlumatları zəruridir.
APA