Əcnəbi gənclər Şuşadan olan məcburi köçkünlərin məskunlaşdığı şəhərciyə səfər ediblər
“Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının Bakıda keçirdiyi “Bərabər iştirak üçün birgə qatıl!” adlı beynəlxalq seminarda iştirak edən xarici ölkələrin nüfuzlu gənclər təşkilatlarının üzvləri Bakı şəhəri Ramana qəsəbəsində əslən Şuşa rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı şəhərciyə səfər ediblər.
“Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyindən Trend-ə verilən məlumata görə, İcmanın dəstəyi ilə baş tutan görüşdə 10-dan artıq ölkəni təmsil edən gənclərin məcburi köçkünlərlə söhbəti zamanı Şuşa sakinləri Ermənistanın işğalçılıq siyasətinin fəsadlarından danışıblar. Qonaqlara münaqişə nəticəsində evlərindən qovulmuş bir milyon qaçqın və məcburi köçkün barədə məlumat verilib.
Həmçinin gənclər qəsəbədə fəaliyyət göstərən Şuşa rayon Malıbəyli kənd Musiqi Məktəbinin və Xankəndi şəhəri 4 saylı tam təmayüllü orta məktəbin fəaliyyəti ilə də yaxından tanış olublar.
Macarıstan, Rumıniya, Moldova, Yunanıstan, İtaliya, Ukrayna, Belarus, Gürcüstan, Türkiyə, Latviya və Rusiyadan olan gənclər Şuşadan olan məcburi köçkünlərin yaşayış səviyyəsi ilə maraqlanıblar. Dövlətimizin diqqət və qayğısı nəticəsində məcburi köçkünlər üçün yaradılmış şəraiti yüksək qiymətləndirən gənclər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində dinc əhalinin yaşayış yerlərini itirmələrindən təəssüfləndiklərini bildiriblər. Eyni zamanda, qonaqlar qeyd ediblər ki, münaqişənin tezliklə sülh yolu ilə həll olunacağına və Azərbaycanın ərazi bütövlüyünü təmin edəcəyinə inanırlar: “Azərbaycanın haqlı mövqeyi göz önündədir və dünya birliyinin çox qısa zamanda bu münaqişəyə düzgün qiymət verərək həll olunmasında hər bir yardımı edəcəyinə əminik”.
Sonda qonaqlar “Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması” İB-nin fəaliyyəti ilə də yaxından tanış olub və gələcək əməkdaşlıq üçün bir sıra məsələlər müzakirə olunub.