Cenevrədə Azərbaycanın hesabatına baxılıb
20-21 oktyabrda Cenevrədə BMT-nin İnsan Hüquqları üzrə Komitəsinin 118-ci sessiyası çərçivəsində “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın həyata keçirilməsinə dair Azərbaycanın dördüncü dövri hesabatına baxılıb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sessiyada Azərbaycan Prezidentin Sərəncamına uyğun olaraq xarici işlər nazirinin müavini Xələf Xələfovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub.
Xarici işlər nazirinin müavini X.Xələfov açılış nitqi ilə dövri hesabatı təqdim edib. O, çıxışı zamanı Azərbaycanda insan hüquqlarının və əsas azadlıqlarının təmin olunması sahəsində mövcud olan qanunvericilik, görülən işlər və bu istiqamətə yönəldilmiş səylər barədə ətraflı məlumat verib, 26 sentyabr 2016-cı il tarixində keçirilmiş referendum nəticəsində Azərbaycan Konstitusiyasına edilmiş düzəlişlərin insan hüquqları və azadlıqlarının daha da möhkəmləndirilməsi, səmərəli və çevik dövlət idarəçiliyi mexanizminin formalaşması, iqtisadi islahatların effektivliyinin təmin edilməsi baxımından əhəmiyyətini vurğulayıb.
Nazir müavini, Azərbaycan Prezidentinin ”Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması haqqında Fərman”ı, “Vətəndaşların müraciətləri haqqında” və “İctimai iştirakçılıq haqqında” qanunları barədə, həmçinin “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında geniş məlumat verib.
Bununla yanaşı, nazir müavini məhkəmə sistemin təkmilləşdirilməsi, korrupsiyaya qarşı mübarizə və şəffaflığın artırılması, insan alverinin qarşısının alınması, məişət zorakılığı ilə mübarizə, miqrasiya və vətəndaş cəmiyyətinin təşviqi sahələrində həyata keçirilən tədbirlər barədə danışıb. O, həmçinin qaçqın və məcburi köçkünlərin sosial-iqtisadi şəraitlərinin yaxşılaşdırılması istiqamətində görülmüş işlərdən bəhs edib.
Nazir müavini Azərbaycanda dini tolerantlıq və millətlərarası münasibətlərin daha da gücləndirilməsi və inkişafı məqsədilə Azərbaycan tərəfindən həm milli, həm də beynəlxalq səviyyədə görülən tədbirlər barədə məlumat verib, Azərbaycan Prezidentinin təşəbbüsü ilə keçirilən və mədəniyyətlərarası dialoqun təşviqi məqsədini daşıyan “Bakı prosesi” və Dövlət Başçısının təşəbbüsü ilə 25-27 aprel tarixlərində Bakı şəhərində keçirilmiş BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumundan bəhs edib.
X.Xələfov, 20% ərazilərimizin hələ də Ermənistanın işğalı altında olmasını və işğalın insan hüquqlarının qorunması sahəsində Azərbaycanın üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsində əsas əngəl olduğunu qeyd edib. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün davam etdiyini bildirən nazir müavini, Ermənistan tərəfindən müharibə cinayətlərinin və Xocalı soyqırımının törədildiyini, həmçinin insan hüquqların və beynəlxalq humanitar hüquq normalarının kobud şəkildə pozulduğunu, Azərbaycanlı mülki əhaliyə qarşı pis rəftarların, müxtəlif işgəncələrin, çoxsaylı edamların edildiyini vurğulayıb.
Sessiya çərçivəsində Komitə üzvləri öz növbələrində nümayəndə heyətimizin yüksək səviyyədə təmsil olunmasını, Azərbaycanın Komitə ilə əməkdaşlığını, Beynəlxalq Paktın həyata keçirilməsi sahəsində əldə olunmuş nailiyyətləri, bu sahədə qanunvericilik tədbirlərini, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı verilmiş məlumatları, ölkədə milli birliyin mövcudluğunu, qadın hüquqları sahəsində görülmüş işləri, əfv fərmanlarını, eləcə də irqçiliyə qarşı mübarizə, multikulturalizmin inkişafı və mədəni müxtəlifliyə töhfə verməsini təqdir ediblər.
Sessiya zamanı Azərbaycanda insan hüquqlarının təmin olunması ilə bağlı Komitə üzvləri tərəfindən nümayəndə heyətinə ünvanlanmış suallar aidiyyəti üzrə və dolğun şəkildə cavablandırılıb, tədbir interaktiv dialoq formasında keçib.
Trend.az