Cenevrədə Beynəlxalq Miqrasiya Təşkilatı Şurasının 108-ci sessiyası keçirilir

Posted by

Noyabrın 28-də Cenevrə şəhərində Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) Şurasının 108-ci sessiyası öz işinə başlayıb.

Dövlət Miqrasiya Xidmətindən (DMX)  bildiriblər ki, dekabrın 1-dək davam edəcək sessiyanın açılışında gündəliyə uyğun olaraq, əvvəlcə təşkilati məsələlərə baxılıb. Məsul şəxslərin seçilməsindən sonra quruma üzvlüklə bağlı müraciət edən Kuba Respublikası və Kuk Adalarının namizədliyi səsə qoyulub və yekdilliklə təşkilatın üzvü seçiliblər. Sonra müşahidəçi qismində təmsilçilik üçün müraciətlərə baxılıb. Küveyt Dövlətinin, bir sıra beynəlxalq təşkilatların, eləcə də qeyri-hökumət təşkilatlarının Beynəlxalq Miqrasiya Təşkilatı Şurasında müşahidəçi qismində iştirakı səsvermə yolu ilə təsdiqlənib.

Sessiyada BMqT-nin baş direktoru Uilyam Leysi Svinq geniş hesabat məruzəsi ilə çıxış edib. Təşkilatın yaranması, fəaliyyəti barədə ətraflı məlumat verən baş direktor Beynəlxalq Miqrasiya Təşkilatı Şurasının 108-ci sessiyası çərçivəsində qlobal miqrasiya proseslərinin müxtəlif aspektlərini əhatə edən mövzuların müzakirə olunacağını deyib.

U.L.Svinq dünyada miqrasiya proseslərinin hazırkı vəziyyətini əks etdirən statistik rəqəmləri sessiya iştirakçılarının nəzərinə çatdırıb.

Sonra təhlükəsiz, nizamlı və tənzimlənən miqrasiya üzrə qlobal kompaktla bağlı BMT Baş Assambleyasının prezidenti Miroslav Layçak, BMT baş katibinin beynəlxalq miqrasiya üzrə xüsusi nümayəndəsi Luiza Arbur çıxış ediblər. Çıxış edənlər miqrasiya siyasəti və mexanizmlərinin daha da təkmilləşdirilməsi, təşkilatın fəaliyyətinin hazırkı durumu və perspektivləri barədə danışıblar.

Sessiya çərçivəsində “Miqrantların inteqrasiyasını və sosial vəhdəti təşviq edən innovativ tərəfdaşlıqlar vasitəsilə əməkdaşlıq”, “Dünya Miqrasiya Hesabatı 2018: qloballaşan dünyada miqrasiyanı və mobilliyi (yerdəyişmə) anlamaq” və “Təhlükəsiz, nizamlı və tənzimlənən miqrasiyaya dair qlobal kompakt çərçivəsində miqrasiya və iqlim dəyişikliyi ilə bağlı məsələlərin həlli üçün imkanlar” mövzularında yüksək səviyyəli panellərin keçirilməsi planlaşdırılır.

DMX-nin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev və Azərbaycan Respublikasının BMT-nin Cenevrədəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Vaqif Sadıqov sessiyada iştirak edirlər.

AZƏRTAC