Cari ildə 58 insan alveri qurbanına yardım göstərilib

Posted by

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi tərəfindən cari ildə Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi tərəfindən yönləndirilmiş 58 nəfər insan alveri qurbanına və qeyri-hökumət təşkilatları tərəfindən yönləndirilmiş 23 nəfər potensial insan alveri qurbanına müxtəlif növ yardımlar göstərilib.

 

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə,

insan alveri qurbanlarından və potensial insan alveri qurbanlarından (insan alveri təhlükəsi ilə üzləşmək riski olan şəxslərdən) ibarət ümumilikdə 81 nəfər şəxsdən əksəriyyəti ehtiyaclarına uyğun olaraq eyni vaxtda bir neçə növdə yardımla təmin ediliblər.

 

Ümumilikdə mərkəz tərəfindən 16 nəfər şəxsin Dövlət Məşğulluq Xidməti tərəfindən münasib iş yeri ilə təmin edilməsinə, 6 nəfər şəxsin əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunmalarına köməklik göstərilib. 43 nəfər şəxsə hüquqi, 34 nəfər şəxsə tibbi, 43 nəfər şəxsə isə psixoloji yardımların göstərilməsi təmin olunub. Bu il həmçinin mərkəz insan alveri qurbanlarından 12 nəfərin ehtiyacları nəzərə alınmaqla sığınacaqla təminatını həyata keçirib. Görülən işlər nəticəsində qeyd olunan insanların əksər hissəsinin sosial reabilitasiyasına nail olunub, qalan şəxslərlə işlər hazırda davam etdirilir.

 

“Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq, cari ilin ötən dövründə Biləsuvar, Masallı, Cəbrayıl, Astara, Siyəzən, Şabran, Qusar, Oğuz, Qax, Zaqatala, Balakən və s. rayonlarda daha çox gənclərin iştirakı ilə maarifləndirmə tədbirləri təşkil olunub. Tədbirlərdə iştirakçılar insan alveri anlayışı, onun növləri, insanların hansı hallarda insan alveri qurbanına çevrildiyi, habelə insan alveri ilə mübarizə formaları və s. barədə interaktiv şəkildə məlumatlandırılıb.

APA