Böyük Britaniya Kraliçasının vəkili: “ASAN xidmət”i Böyük Britaniyaya qayıdandan sonra faydalı təcrübə kimi məsləhət görəcəyik
“Biz Azərbaycana səfərimiz çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində və bu agentliyin “ASAN xidmət” mərkəzində də olduq. Biz “ASAN xidmət”in fəaliyyətindən xeyli məmnun qaldıq”. Trend-in məlumatına görə, bunu Bakıda keçirilən “Layihələrə imkanlar üzrə çağırış: Hüquqi baza üzrə naviqasiya” adlı beynəlxalq konfransda iştirak edən Britaniya-Azərbaycan Hüquqşünaslar Assosiasiyasının sədri, Böyük Britaniya Kraliçasının vəkili Adrian Haqes deyib.
O qeyd edib ki, bu xidmət vətəndaşların müxtəlif sənədləri – şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi və digərlərini xeyli asanlaşdırılmış şəkildə əldə etməsi üçün çox gözəl vasitədir: “Biz bunu Böyük Britaniyaya qayıdandan sonra faydalı təcrübə kimi məsləhət görəcəyik”.
A.Haqes Milli Məclisdə, Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasında da olduğunu və bu görüşlərdən məmnun qaldığını vurğulayıb.
İngiltərə və Uels Hüquqşünaslar Cəmiyyətinin prezidenti Nikolas Flak da Azərbaycanda keçirilən görüşləri, ölkədə aparılan hüquq islahatlarını müsbət dəyərləndirib.
Qeyd edək ki, “Layihələrə imkanlar üzrə çağırış: Hüquqi baza üzrə naviqasiya” adlı beynəlxalq konfrans Azərbaycan Hüquqşünasları Konfederasiyası, Britaniya-Azərbaycan Hüquqşünaslar Assosiasiyası, Böyük Britaniya və Uels Hüquqşünaslar Cəmiyyətinin təşkilatçılığı, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə keçirilib.
Trend.az