Bəxtiyar Aslanbəyli: Ərazi bütövlüyünün toxunulmazlığına sərt münasibət göstərilməməsi enerji resurslarının Avropadakı istehlakçılara çatdırılmasında maneələr yarada bilər

Posted by

Bəxtiyar Aslanbəyli: Ərazi bütövlüyünün toxunulmazlığına sərt münasibət göstərilməməsi enerji resurslarının Avropadakı istehlakçılara çatdırılmasında maneələr yarada bilərBəxtiyar Aslanbəyli: Ərazi bütövlüyünün toxunulmazlığına sərt münasibət göstərilməməsi enerji resurslarının Avropadakı istehlakçılara çatdırılmasında maneələr yarada bilər

Bəxtiyar Aslanbəyli: Ərazi bütövlüyünün toxunulmazlığına sərt münasibət göstərilməməsi enerji resurslarının Avropadakı istehlakçılara çatdırılmasında maneələr yarada bilər

Tbilisidə Avropa və Şimali Atlantika Mərkəzinin (CENAA), Vışeqrad Fondunun və Gürcüstan Strateji və Beynəlxalq Araşdırmalar Fondunun (GFSIS) birgə təşkil etdiyi 2-ci Cənubi Qafqaz Təhlükəsizlik Forumu keçirilir.

 

Trend-in məlumatına görə, Forumda Cənubi Qafqaz ölkələrini təmsil edən mütəxəssislər, tədqiqatçılar, dövlət rəsmiləri və beynəlxalq təşkilatların təmsilçiləri ilə yanaşı, 20-dən artıq ölkənin 270-dən çox nümayəndəsi də iştirak edir.

 

Forumun ikinci günü “Mühüm enerji strukturlarının mühafizəsi” movzusunda sessiyada çıxış edən Bakı Dövlət Universitetinin müəllimi, təhlükəsizlik və enerji siyasəti üzrə mütəxəssis Bəxtiyar Aslanbəyli bölgədə mövcud olan enerji infrastrukturlarının mühafizəsində regional və beynəlxalq əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

 

Cənub Qaz Dəhlizinin reallaşmasında Azərbaycanın həm siyasi, həm də maliyyə baxımından xüsusi rol oynadığını qeyd edən ekspert forum iştirakçılarına ölkəmizin bu istiqamətdə müəyyən geosiyasi çətinliklər və təhdidlərlə üzləşə biləcəyini xatırladıb: “Bu təhdidlər birbaşa və ya dolayısilə regiondakı mühüm enerji infrastrukturlarının fəaliyyətinə və müvafiq olaraq bölgənin enerji ehtiyatlarının Avropadakı istehlakçılara çatdırılmasında ciddi maneələr yarada bilər”.

 

Belə geosiyasi təhdidlərin qarşısının alınması və enerji resurslarının fasiləsiz nəqlinin təmin edilməsi üçün B.Aslanbəyli Avropa strukturlarını bölgədəki proseslərə daha diqqətlə yanaşmağa və analoji problemlərin həllinə yanaşmada ardıcıl mövqe nümayiş etdirməyə çağırıb. Onun fikrincə, dövlətlərin ərazi bütövlüyünün toxunulmazlığı kimi təməl prinsipin pozulmasına ardıcıl olaraq sərt münasibətin göstərilməməsi bölgədə uzunmüddətli sabitliyə ən ciddi təhlükədir və bölgənin enerji resurslarının Avropadakı istehlakçılara çatdırılmasında potensial maneələr yarada bilər.

 

B.Aslanbəyli, həmçinin Azərbaycan və Gürcüstan ərazisindəki mühüm enerji strukturlarının mühafizəsinin daha üst səviyyəyə qaldırılmasını və bu istiqamətdə NATO ilə daha geniş əməkdaşlıq imkanlarının bir daha nəzərdən keçirilməsini təklif edib. Ekspert bu istiqamətdə həyata keçirilə biləcək tədbirlər və praktik təklifləri forum iştirakçılarının nəzərinə çatdırıb.

 

2-ci Cənubi Qafqaz Təhlükəsizlik Forumu bu gün də işini davam etdirir.

 

Trend.az