Bursada keçirilən konfransda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərdən danışılıb
Heydər Əliyev Fondunun Türkiyə nümayəndəliyinin təşkilatçılığı ilə Bursa şəhərindəki Uludağ Universitetində keçirilən altıncı beynəlxalq elmi konfrans “Geosiyasətin qayıdışımı? Genişləndirilmiş bölgələrdə fəal diplomatiya zamanı” mövzusuna həsr olunub.
Universitetin foyesində ümummilli lider Heydər Əliyevin zəngin həyat və fəaliyyəti barədə kitablar, elmi və tarixi mövzulardan bəhs əhatə edən jurnallar, Heydər Əliyev Fondunun Azərbaycan həqiqətlərinə dair nəşrləri, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin dinamik inkişafını əks etdirən əyani vəsaitlər sərgilənib.
Fondun Türkiyə nümayəndəliyinin əməkdaşı Ramil Ağazadə bildirib ki, Azərbaycan, Rusiya, İran, Bolqarıstan, Əlcəzair və Hindistandan yüzdən çox alimin çıxış etdiyi konfransda Türkiyənin müxtəlif ali məktəbləri və beyin mərkəzlərindən tanınmış şəxslər iştirak ediblər.
Konfrans çərçivəsində professor Hayati Aktaşın sədrliyi ilə “Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq miqyası” mövzusunda seminar keçirilib. Professor Reha Yılmazın Dağlıq Qarabağ münaqişəsinin həlli yolları, Azərbaycan-Türkiyə neft və qaz boru xətlərinin Qafqazın geosiyasi və enerji təhlükəsizliyi baxımından əhəmiyyəti mövzularında məruzələri maraqla qarşılanıb. Dağlıq Qarabağın qədim Azərbaycan ərazisi olduğunu elmi mənbələrlə, tarixi faktlarla əsaslandıran məruzəçi münaqişənin yaranma səbəbləri, ağır nəticələri və s. məqamları seminar iştirakçılarının diqqətinə çatdırıb.
Üç gün davam edən konfransda “Qara dəniz-Şərqi Avropa, Orta Asiya-Qafqaz, Orta Şərq-Şimali Afrika bölgələrinin dünyadakı enerji təhlükəsizliyinə təsiri”, “Neft və qaz boru xətlərinin geosiyasəti”, “Regionlardakı böhranlar və münaqişələrin həlli yolları” və s. mövzularla bağlı məruzələr dinlənilib.
AzərTac.az