Bu gün Nüvə Silahı Əleyhinə Səfərbərlik Günüdür

Posted by

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 2001-ci il noyabrın 5-də qəbul etdiyi qərarı ilə yanvarın 29-nu Nüvə Silahı Əleyhinə Səfərbərlik Günü elan edib.

Həmin təqvim hər il yanvarın 28-29-da 1985-ci ildə Hindistanın paytaxtı yeni Dehlidə qəbul edilmiş Dehli Bəyannaməsinin ildönümü kimi qeyd olunur. Dehli Bəyannaməsi ilk olaraq Hindistan, Argentina, Yunanıstan, Meksika, Tanzaniya və İsveç hökumətləri tərəfindən imzalanıb. Bəyannamədə nüvə silahlanması rəqabətinin dayandırılması və beynəlxalq səviyyədə nüvə silahı cəbbəxanalarının tədricən aradan qaldırılması haqqında çağırış edilib. Bəyannamənin imzalanmasına səbəb hərbi konfliktlər zamanı ətraf mühitə vurulan zərər, müharibələrin bitməsindən çox illər sonra da ekosistemin vəziyyətinə, təbii sərvətlərə, hətta bir nəslin həyatına olan mənfi təsir haqqında hər kəsi məlumatlandırmaqdır.

Nüvə silahı 1945-ci ildə iki dəfə istifadə olunub. Belə ki, Yaponiyanın Naqasaki və Xirosima şəhərlərinin bombardman edilməsindən sonra istifadə olunmasa da, yeni bir nüvə təhdidinin yaranması bir çox ölkələr üçün siyasi təhlükə ola bilər.

ABŞ və keçmiş SSRİ tərəfindən 1953-cü ildə atmosferdə nüvə sınağına moratorium qoyulub. Lakin bu qadağa keçmiş SSRİ tərəfindən 1961-ci, ABŞ tərəfindən 1962-ci ildə pozulub. Bundan sonra Birləşmiş Millətlər Təşkilatının Silahsızlanma Komissiyası atmosfer, kosmos və su altında nüvə sınağını qadağan edən bir müqavilə hazırlayıb. Müqavilə ABŞ və keçmiş SSRİ də daxil olmaqla BMT-yə üzv olan 100-dən çox dövlət tərəfindən imzalanıb. 1968-ci ildə ABŞ, Rusiya, Fransa, İngiltərə, Çin istisna olmaqla bütün ölkələrə nüvə silahına sahib olmağı qadağan edən başqa bir saziş bağlanıb. 1990-cı illərin ortalarında sazişə 181 ölkə qoşulub, 1995-ci ildə isə vaxtı qeyri-müəyyən müddətə uzadılıb.

AZƏRTAC