Brüsseldə Aİ-Azərbaycan siyasi dialoqu keçirilib
Brüsseldə Avropa İttifaqının Siyasi və Təhlükəsizlik Komitəsi səviyyəsində Azərbaycanla növbəti siyasi dialoq keçirilib.
Azərbaycanın Belçika və Lüksemburqdakı səfirliyindən Trend-ə verilən məlumata görə, iclasda Azərbaycanı Aİ yanında Nümayəndəliyin başçısı, səfir Fuad İsgəndərov, Aİ-ni isə Siyasi və Təhlükəsizlik Komitəsinin sədri Volter Stivens təmsil ediblər.
V.Stivens Şərq Tərəfdaşlığı ölkələrinin Vilnüs zirvə görüşü sonrasında Aİ ilə Azərbaycan arasındakı əməkdaşlığın gələcək inkişafı imkanlarından bəhs edib, bölgədə təhlükəsizlik məsələlərinə toxunaraq, Azərbaycanın regionda oynadığı rolundan danışıb.
F.İsgəndərov Aİ tərəfinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlar prosesi haqqında geniş məlumat verib, münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət əsasında həllinin və bu prosesdə Aİ-nin qəti mövqedən çıxış etməsinin vacibliyini vurğulayıb.
Bu xüsusda, Avropa Parlamentinin bu ilin 24 oktyabr tarixində qəbul etdiyi qətnaməsi və burada BMT Təhlükəsizlik Şurasının 4 məlum qətnaməsinə istinad edildiyi xatırlanıb.
İclas çərçivəsində F.İsgəndərov, həmçinin Azərbaycanda daxili proseslərin son inkişafı, siyasi və sosial-iqtisadi islahatlar haqqında ümumi məlumat təqdim edib, Aİ-Azərbaycan münasibətlərinin gələcək inkişaf perspekrivləri müzakirə olunub.
Rəsmi iclasla yanaşı, digər Cənubi Qafqaz ölkələrinin nümayəndələrinin iştirakı ilə birgə işçi nahar təşkil edilib. Nahar zamanı geniş regional proseslər, enerji təhlükəsizliyi və digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.