Britaniya saytı: Azərbaycanda qonşularla müqayisədə insan haqları sahəsində işlər daha rəvandır

Posted by

Britaniya saytı: Azərbaycanda qonşularla müqayisədə insan haqları sahəsində işlər daha rəvandır“Biz Yaqlandın fikrinə hörmət edirik, lakin onun arqumentləri ilə razı deyilik”

Britaniya saytı: Azərbaycanda qonşularla müqayisədə insan haqları sahəsində işlər daha rəvandır

Böyük Britaniya mətbuatında Avropa Şurasının baş katibi Tyorbyorn Yaqlandın “Azərbaycanda insan haqları sahəsində vəziyyət həssasdır. Böyük Britaniya üz döndərməməlidir” yazısına cavab verilib. APA-nın məlumatına görə, “News Performance” saytında yer alan məqalənin müəllifləri T. Yaqlandın hüququna hörmət etdiklərini, lakin Azərbaycanda insan haqları ilə bağlı vəziyyəti tənqid etməsini və onun bəyanatlarını qəbul etmədiklərini bildiriblər:

 

“Azərbaycanda insan haqları sahəsində irəliləyişin olduğunu və nəyə görə bu məsələni cənab Yaqland kimi tənqid etməyə gərək olmadığını anlamaq üçün bu ölkəyə coğrafi nöqteyi-nəzərdən baxmaq lazımdır. Azərbaycan insan haqlarının pozulduğu, o cümlədən söz azadlığı, din və gender bərabərliyinin məhdudlaşdırıldığı, hətta cinayət cəzası kimi insanların daşqalaq edildiyi İranın şimalında yerləşir. Azərbaycandan şərq istiqamətində isə Türkmənistan yerləşir. Bu ölkədə insan haqları ilə bağlı vəziyyət bütün dünya tərəfindən tənqid edilir. Türkmənistanda siyasi azadlıqların, söz azadlığının pozulması halları, habelə internetə qadağa (Azərbaycanda heç vaxt olmayıb) və dini etiqad azadlığına məhdudiyyət var. Bunu nəzərə alsaq, baş katib bilməlidir ki, Azərbaycanda qonşularla müqayisədə insan haqları sahəsində işlər daha rəvandır. Cənab Yaqland öz məqaləsində Azərbaycanda insan haqları sahəsində vəziyyətin pis olduğunu bildirsə də, anlamır ki, Azərbaycan demokratiya və insan haqları sahəsindəki vəziyyətin inkişafı ilə bağlı məqsədlərinə nail olmağa çalışır. Bu, ölkənin və prezident İlham Əliyevin başlıca vəzifəsidir. Azərbaycan həmçinin beynəlxalq hüquq normalarına cavab verməyən qanunları təkmilləşdirməkdə, habelə Azərbaycanla beynəlxalq ictimaiyyət arasında əlaqələri yaradan beynəlxalq təşkilatlarla işləməkdə davam edir. Hətta cənab Yaqland da irəliləyişləri qəbul edir və öz məqaləsində ümid işartısının olduğunu qeyd edir. Cəmi 3 həftə öncə prezident İlham Əliyev 80 nəfər məhbusu əfv edib. Onlardan 4 nəfər hüquq müdafiəçisidir. Bu, ideal nəticə olmasa da, irəliləyişdir. Yaqland həmçinin hüquq müdafiəçiləri, parlamentarlar, Prezident Administrasiyası nümayəndələri və Avropa Şurası ekspertinin yer aldığı insan haqları məsələləri üzrə birgə işçi qrupunun yaradılması məsələsinə toxunur. Bu qrupun məqsədi vətəndaş cəmiyyəti ilə Azərbaycan hakimiyyəti arasında yeni dialoqu təmin etməkdir. Bu dialoq perspektivdə daha çox fəalın əfvi ilə nəticələnəcək. Ola bilsin ki, Azərbaycanda insan haqları sahəsində vəziyyət mükəmməl deyil, lakin biz coğrafiyanı unutmaqla, Azərbaycanı tənqid etmək əvəzinə, onu təşviq etməliyik ki, daha mütərəqqi dəyişikliklərə nail olaq”.

 

Məqalədə qeyd olunur ki, Azərbaycan inkişaf və demokratiya nöqteyi-nəzərindən gənc ölkədir və ondan Britaniya səviyyəsindəki demokratik sistem gözləmək doğru deyil: “Bunun əvəzində mənfi qiymət verməzdən öncə regional kontekstdə diqqəti cəmləşdirməliyik. Beləliklə, biz Yaqlandın fikrinə hörmət edirik, lakin onun arqumentləri ilə razı deyilik. İnanırıq ki, Azərbaycanda hökuməti tənqid edən daha çox adam azadlığa çıxacaq və düşünürük ki, ölkədə insan haqları sahəsindəki durum yaxşılaşacaq, çünki ölkə rəhbərliyinin Azərbaycanı Avropa səviyyəli demokratik ölkəyə çevirmək üçün güclü iradəsi var. Ola bilsin ki, biz tənqidə son qoymalıyıq və insan haqları sahəsindəki vəziyyətin yaxşılaşması üçün Azərbaycanla birgə işləməyə başlamalıyıq”.

 

Apa.az