Bolqarıstanın ədliyyə nazirliyində görüş keçirilmişdir
Aprelin 22-də Azərbaycanın Bolqarıstandakı səfiri Emil Kərimov bu ölkənin baş nazirinin müavini, ədliyyə naziri xanım Zinaida Zlatanova ilə görüşmüşdür.
Ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsindən danışan səfir, Azərbaycanın Bolqarıstan ilə bütün sahələrdə əlaqələrin genişləndirilməsində maraqlı olduğunu bildirmişdir. E.Kərimov Azərbaycanda mövcud məhkəmə hüquq və qanunvericilik sistemi, eləcə də son illər bu sahədə aparılan islahatlar barədə ətraflı məlumat vermişdir. Ədliyyə hüquq sahəsində əlaqələrin daha da möhkəmlənməsi üçün geniş imkanların mövcudluğu və bu istiqamətdə hər iki ölkənin Ədliyyə nazirlikləri arasında qarşılıqlı səfərlərin, habelə müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində mütəmadi görüşlərin keçirilməsinin vacibliyi diqqətə çatdırılmışdır.
Xanım Zinaida Zlatanova Azərbaycanın Bolqarıstan üçün önəmli ölkə olduğunu qeyd edərək, əlaqələrin daha da genişlənəcəyinə əminliyini ifadə etmişdir. Ölkələrimizin ədliyyə və məhkəmə orqanları arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirən nazir, bu istiqamətdə işlərin davam etdirilməsinin vacibliyini diqqətə çatdırmışdır.
AzərTac.az