BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasının qəbul edilməsinin ildönümü münasibətilə Bakıda tədbir keçirilib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasının qəbul edilməsinin ildönümü münasibətilə noyabrın 18-də “Uşaq hüquqları: bərabər hüquq və imkanlarımız” mövzusunda tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbiri açıq elan edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, uşaqların sağlam və xoşbəxt böyüməsi bir dövlətin deyil, bütövlükdə bəşəriyyətin qarşısında dayanan mühüm məsələdir. Beynəlxalq təşkilatlar tərəfindən ötən əsrin 50-ci illərindən başlayaraq onların hüquqlarının müdafiəsinə və problemlərinə xüsusi diqqət ayrılıb. Çünki uşaq ailənin davamçısı olduğu kimi, dövlətin də gələcəyidir. Qeyd etmək lazımdır ki, Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra qoşulduğu ilk mühüm sənədlərdən biri BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyası və bu sənədin 2 əlavə fakültativ protokolları olub. Azərbaycan BMT-nin müvafiq komitəsinə 3 dövri hesabat təqdim edib. Çox sevindirici haldır ki, ildən-ilə Azərbaycan hökuməti tərəfindən görülən işlər müsbət qiymətləndirilir. Hazırda növbəti hesabata hazırlıq işləri aparılır.
Komitə sədri qeyd edib ki, Azərbaycanda uşaq məsələlərinə dövlət tərəfindən həmişə diqqət yetirilir və priortet istiqamət təşkil edir. Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş dövlət uşaq siyasəti uğurla davam etdirilir. Prezident İlham Əliyev və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın uşaq məsələlərinə diqqəti bu sahəyə qayğının daha da artırılmasına səbəb olub. Hazırda ölkədə iki milyon altı yüz minə yaxın uşaq var. Bu uşaqların sağlamlığının möhkəmləndirilməsi, onların müasir tələblər səviyyəsində təhsil alması, sağlam ailə mühitində yaşaması üçün mühüm sosial layihələr həyata keçirilir. Eyni zamanda, məktəbəqədər yaşlı uşaqların intellektual, fiziki və psixoloji inkişafı, onların yaradıcılıq mühitində böyüməsi və idmanla məşğul olması üçün zəruri şəraitin yaradılması vacib məsələlərdəndir. Xüsusi qayğıya ehtiyacı olan uşaqlara, habelə aztəminatlı, çoxuşaqlı, qaçqın və məcburi köçkün ailələrindən olan uşaqlara dövlət qayğısının göstərilməsi də önəm daşıyır.
“Uşaqlar bizim və cəmiyyətimizin gələcəyidir. Elə etməliyik ki, dövlətimizin gələcəyi olan uşaqlar sağlam və rəqabətə dayanıqlı vətəndaş kimi böyüsünlər. Biz dövlət nümayəndələri, məsul şəxslər bütün imkanlarımızı birləşdirməliyik ki, balalarımız yaxşı oxusunlar, təhsillərini davam etdirsinlər, sağlam mühitdə xoşbəxt və firavan yaşasınlar”, – deyən H.Hüseynova vurğulayıb ki, ölkəmizdə uşaq hüquqları sahəsində qanunvericilik bazası ildən-ilə daha da təkmilləşdirilir. Belə ki, ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına, talassemiya və hemofiliyaya dair, insan alverinin qurbanı olmuş uşaqların sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası üzrə dövlət proqramları qəbul edilib. Uşaqların sağlamlıq hüququnun təmin edilməsi sahəsində “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramı”nın icrası ilə bağlı müvafiq tədbirlər görülüb. Valideyn məsuliyyətinin artırılması üçün Azərbaycan Respublikasının İnzibati Xətalar və Cinayət məcəllələrinə dəyişikliklərin edilməsi haqqında qanunlar qəbul olunub. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası və 2016-2030-cu illər üçün Dayanıqlı İnkişaf Məqsədlərini əsas götürərək uşaq hüquqlarının müdafiəsi sahəsində gələcək hədəf istiqamətlər üzrə mühüm sənədlər hazırlanır. Artıq Uşaq Strategiyası aidiyyəti qurumlara göndərilıb. Uşaq Məcəlləsi ilə bağlı müəyyən iş aparılır.
Komitə sədri erkən yaşda ailələrin qurulması, uşaqların təhsildən yayınması, əməyə cəlb olunması, onlara qarşı zorakılıq edilməsi kimi problemlərin qarşısının alınması istiqamətində keçirilən maarifləndirici tədbirlərdən də danışıb. Qeyd edib ki, komitənin BMT-nin Uşaq Fondu və Heydər Əliyev Fondunun birgə dəstəyi ilə keçirdiyi uşaq forumları məişət zorakılığının, erkən nikahların və təhsildən yayınma hallarının qarşısının alınmasında böyük əhəmiyyətə malikdir.
Azərbaycanda qaçqın və məcburi köçkün uşaqların sayının 330 min 80 nəfər olduğunu deyən H.Hüseynova bildirib ki, bu uşaqlar normal şəraitdən kənarda böyüyürlər. Belə uşaqların lazımi təhsil alması, cəmiyyətdə uğurlu mövqe tutması üçün mühüm işlər görülsə də, onlar uşaq vaxtlarında güclü stress keçiriblər.
“Azərbaycanda müharibə dövründə əsir və itkin düşmüş və girov götürülmüş 3024 nəfərdən 60-ı uşaqdır. Onlardan 20-si qız, 40-ı oğlandır. Uzun illərdir ki, həmin uşaqlar haqqında heç bir məlumat ala bilmirik”, – deyə H.Hüseynova əlavə edib.
BMT-nin Uşaq Fondunun Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri Edvard Karvardin isə çıxışında “Uşaq hüquqları haqqında” Konvensiyanın əhəmiyyətindən, eləcə də ölkəmizdə uşaq hüquqlarının qorunması istiqamətindən əldə olunan müsbət nəticələrdən danışıb. BMT-nin rəsmisi bildirib ki, harada yaşamasından asılı olmayaraq hər bir uşağın hüququnun qorunması əsas məsələdir. O, uşaqların sağlamlıqlarına və təhsillərinə ayrılan vəsaitin bütün ölkələrdə artırılmasının zəruriliyini diqqətə çatdırıb.
Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili şöbəsinin rəisi, polis polkovniki Adıgözəl Adıgözəlov çıxışında deyib ki, uşaqları pis vərdişlərə yönəltmək çox asan olduğundan maarifləndirmə işinin aparılması vacibdir. Uşaqların müdafiəsi ilə yalnız ayrı-ayrı dövlət qurumları məşğul olmalı deyil. Bu sahə ilə məşğul olan QHT-lər də dövlət qurumları ilə həmin istiqamət üzrə əməkdaşlıq etməlidirlər.
Digər çıxış edənlər də ölkəmizdə uşaq hüquqlarının qorunması ilə bağlı mükəmməl qanunvericilik bazasının mövcud olduğunu və uşaqlar arasında aparılan maarifləndirici tədbirlərdən söhbət açıblar.
Tədbirdə uşaqlar arasında elan edilmiş müsabiqəyə uyğun olaraq uşaq hüquqları ilə bağlı məsələləri, onların fikirlərini özündə birləşdirən ən uğurlu təqdimat nümayiş olunub.
AZƏRTAC