BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı Azərbaycan ilə əməkdaşlıqda maraqlıdır
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı Azərbaycan ilə əməkdaşlıqda maraqlıdır.
Bu fikir Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Firudin Nəbiyev ilə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Daq Siqurdson arasında keçirilən görüşdə səsləndirilib.
DMX-dən AZƏRTAC-a bildiriblər ki, iki qurum arasında qarşılıqlı əməkdaşlıqdan məmnunluğunu ifadə edən F.Nəbiyev Azərbaycanda həyata keçirilən uğurlu miqrasiya siyasətindən danışıb. O, hazırda dünyanın bir sıra ölkələrində qaçqınlarla bağlı mövcud durumdan və Avropa ölkələrinə üz tutan miqrantlara qarşı təzyiqlərdən narahatlığını ifadə edib.
Azərbaycan ilə əməkdaşlıqda daim maraqlı olduqlarını söyləyən Daq Siqurdson ölkəmizdə miqrasiya prosesləri ilə bağlı həyata keçirilən islahatları müsbət dəyərləndirib. BMT nümayəndəsi qarşılıqlı əməkdaşlığın davamlılığına və birgə uğurlara nail olunacağına əminliyini bildirib.
Görüşdə 2016-cı ildə vətəndaşsızlıq məsələləri ilə bağlı əməkdaşlıq, birgə məlumatlandırma kampaniyası və vətəndaşlığı olmayan şəxslərə hüquqi yardım, Azərbaycanın vətəndaşsızlıq hallarının aradan qaldırılması üzrə qlobal kampaniyaya töhfəsi, eləcə də sığınacaq məsələləri sahəsində qanunvericilik bazasının inkişafı, həmçinin ona əlavə və dəyişikliklərin edilməsi istiqamətində əməkdaşlıq məsələləri müzakirə olunub.
AZƏRTAC