Miqrasiya məsələsi hər bir dövlətin milli təhlükəsizliyi baxımından ciddi məsələdir. Bu gün sığınacaq axtaran, qaçqın statusu almaq məqsədilə Azərbaycana pənah gətirən əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə respublikada diqqət və qayğı göstərilir, onların hüquq və azadlıqlarının qorunması üçün müvafiq tədbirlər görülür.
Dövlət Miqrasiya Xidmətinin (DMX) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bunu DMX-nin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) ölkəmizdəki nümayəndəliyinin rəhbəri Furio De Angelis ilə görüşdə deyib.
F.Nəbiyev bildirib ki, bu fakt müharibə şəraitində olan Azərbaycan dövlətinin nəinki öz vətəndaşlarının, həm də əcnəbilərin də hüquqlarının qorunmasına həssas yanaşdığının və bunu təmin etməyə qadir olduğunun nümunəsidir.
Furio De Angelis sığınacaq axtaran, qaçqın statusu almaq məqsədilə pənah gətirən əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə bağlı Azərbaycan dövlətinin gördüyü işləri yüksək qiymətləndirib, onların hüquqlarının müdafiəsi istqamətində DMX ilə birgə işlərin aparılmasının vacibliyini vurğulayıb və qarşılıqlı əməkdaşlığın gələcəkdə də uğurla davam etdiriləcəyinə əminliyini ifadə edib.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Trend.az