BMT QAK-ın Ali Komissarının köməkçisi: “Bu insanların heyrətamiz dərəcədə çox olması hərəkətə keçmək üçün xəbərdarlıqdır”
“Dünyada rekord sayda – 38 milyon məcburi köçkün var, bu da 2014-cü ildə hər gün ortalama 30 min insanın evini tərk etmiş olması deməkdir”.
Bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı və Məcburi Köçkünlərin Monitorinq Mərkəzinin birgə yaydığı press-relizdə bildirilib.
BMT-nin Azərbaycan nümayəndəliyindən APA-ya daxil olan press-relizdə qeyd olunub ki,
38 milyon insan münaqişə və ya zorakılıq səbəbindən öz ölkəsi daxilində köçkün düşüb ki, bu da rekord göstəricidir: “Bu, Londonun, Nyu-Yorkun və Pekinin əhalisinin ümumi sayının ekvivalentidir”.
“Bunlar bizim dövrdə zorla didərgin salınmanın ən acınacaqlı rəqəmləridir və bizim günahsız mülki şəxsləri müdafiə etmək iqtidarında olmadığımızı göstərən əlamətdir”, – deyə Norveç Qaçqınlar Şurasının (NQŞ) baş katibi Yan Egeland bildirib.
Məlumata görə, NQŞ-nin tərkib hissəsi olan Məcburi Köçkünlüyün Monitorinq Mərkəzi (MKMM) bu gün Birləşmiş Millətlər Təşkilatının Cenevrədəki ofisində “2015-ci il üzrə qlobal icmal: Münaqişə və zorakılıq səbəbindən ölkə daxilində köçkün düşən insanlar” adlı hesabatını təqdim edib.
Hesabatda dalbadal üçüncü il rekord həddə çatan məcburi köçkünlük rəqəmləri əks etdirilməklə yanaşı, həmçinin qeyd edilib ki, 2014-cü il ərzində zorakılıq hadisələri səbəbindən daha 11 milyon insan köçkün düşüb.
Y. Egeland deyib ki, qlobal səviyyəli diplomatlar, BMT qətnamələri, sülh danışıqları və atəşkəs sazişləri insani prinsipləri deyil, siyasi və ya dini maraqları rəhbər tutan amansız silahlı şəxslərə qarşı mübarizəni uduzublar: “Bu hesabat hərəkətə keçmək üçün böyük bir çağırış olmalıdır. Biz milyonlarla kişi, qadın və uşaqların bütün dünyada münaqişə zonalarında girova çevrilməsi tendensiyasını dayandırmalıyıq.
38 milyon insan (çox vaxt heç bir ümidlərinin və gələcəklərinin olmadığı dəhşətli bir şəraitdə) əzab çəkir və biz bu məsələyə yanaşmamızı dəyişməyə qalxmasaq, bu münaqişələrin şiddətli dalğaları qarşıdakı onilliklər ərzində bizi təqib etməkdə davam edəcək”.
BMT QAK-ın Ali Komissarının himayə məsələləri üzrə köməkçisi Volker Türk isə bildirib ki, münaqişə və zorakılıq səbəbindən ölkə daxilində köçkün düşən insanların heyrətamiz dərəcədə çox olması hərəkətə keçmək üçün xəbərdarlıqdır: “Biz bilirik ki, getdikcə çoxlu sayda məcburi köçkünlər öz ölkələri daxilində dəfələrlə köç etməyə məcbur olurlar. Münaqişə nə qədər uzun sürürsə, onlar özlərini bir o qədər güvənsiz hiss edirlər və ümidsizliyə qapıldıqda çoxları sərhədləri keçir və qaçqına çevrilirlər.
Məsələn, yaxın keçmişdə Aralıq dənizi bölgəsində gördüyümüz kimi, ümidsizlik insanları riskə getməyə və hətta təhlükəli səfərlərə yollanmaq riskinə baş vurmağa vadar edir. Məsələnin açıq-aydın həlli müharibənin viran qoyduğu ölkələrdə sülhə nail olmaq istiqamətində hamının səy göstərməsindən keçir”.
Hesabatda həmçinin uzunmüddətli və ya həddən artıq çox çəkən köçkünlüyün qlobal səviyyədə köçkünlərin sayının bu cür həyəcan doğuran dərəcədə yüksək olmasına necə şərait yaratdığı vurğulanıb. 2014-cü ildə MKMM-in monitorinq etdiyi 60 ölkə və ərazinin az qala 90%-ində on illərlə və ya daha artıq müddət ərzində köçkün halında yaşayan insanlar olub.
MKMM-in direktoru Alfredo Zamudio isə bunları açıqlayıb: “Ukrayna və ya İraq kimi ölkələrdə yeni böhranlar meydana çıxdıqca və ya böhranlar təzələndikcə artıq qlobal səviyyədə çoxlu sayda olan və didərginliklərinə son qoyulması üçün yollar tapılması mümkün olmayan köçkün əhalinin sırasına məcburi köçkünlərin yeni dalğaları əlavə olunur”.
A.Zamudio onu da qeyd edib ki, çoxsaylı əhalinin çox hissəsini uzun illər öncə Azərbaycanda və ya Kiprdə köçkün düşənlər təşkil edir: “Adətən biz görürük ki, köçkünlük faktının özü insanları qapalı dairəyə (çıxılmaz duruma) salır və onlar bu durumda nə qədər çox olurlarsa, ondan çıxmaq bir o qədər çətin olur”.
Apa.az