Bir neçə rayonda şəxsiyyət vəsiqələrinin verilməsi üçün səyyar xidmət keçirilib
Bir neçə rayonda vətəndaşlara şəxsiyyət vəsiqələrinin verilməsi ilə bağlı səyyar xidmət keçirilib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, DİN rəhbərliyinin tapşırığına əsasən Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin təşəbbüsü ilə ölkəmizin paytaxtında, digər şəhər və rayonlarında şəxsiyyət vəsiqələrinin verilməsi, etibarlıq müddəti bitmiş sənədlərin yeniləri ilə dəyişdirilməsi üzrə səyyar xidmətlər keçirilir.
İşin səmərəliyinin daha da artırılması və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədini güdən belə tədbirlər Bakı şəhərinin Qaradağ, Suraxanı RPİ-lərin, eyni zamanda, respublikanın Şabran və Qubadlı RPŞ-lərinin müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə həmin rayonlarda da baş tutub.
Qaradağ rayonunda 180 nəfərin etibarlılıq müddəti bitmiş şəxsiyyət vəsiqəsi dəyişdirilib, həddi-büluğa çatmış 9 gəncin, 11 qoca, əlil və xəstənin sənədləri qəbul edilib. Suraxanıda isə 57 nəfərin vəsiqəsi yeniləri ilə əvəzlənib, orta ümumtəhsil məktəblərinin buraxılış siniflərinin 90 şagirdinə şəxsiyyəti təsdiqləyən sənədlər təqdim olunub.
Şabranda anoloji tədbir nəticəsində 25 şəxs, ümumilikdə, ötən ay rayon üzrə 385 nəfər yeni sənədlərlə təmin edilib. Qubadlı rayonunun isə 125 sakininə yeni şəxsiyyət vəsiqələri verilib.
Vətəndaşların şəxsiyyət vəsiqələri ilə təmin edilməsi məqsədilə belə tədbirlər respublikamızın digər bölgələrində də davam etdirilir.
Trend.az