“Bir deputatın şəxsi fikri Litvanın mövqeyini əks etdirmir”

Posted by

"Bir deputatın şəxsi fikri Litvanın mövqeyini əks etdirmir"“Bir deputatın şəxsi fikri Litvanın mövqeyini əks etdirmir”

"Bir deputatın şəxsi fikri Litvanın mövqeyini əks etdirmir"

Litva Seyminin deputatı Dalya Kuoditenin şəxsi fikri Litvanın mövqeyini əks etdirmir. Trend-in məlumatına görə, bunu Seymin üzvü Yuras Pojela Azərbaycanın hava məklanında Ermənistana məxsus hərbi helikopterin vurulması ilə bağlı D.Kuoditenin təxribat xarakterli bəyanatını şərh edərkən deyib.

 

D.Kuodite ötən cümə günü bəyan etmişdi ki, Azərbaycan hərbi helikopteri vurmaqla “həmişəki təxribatı” törədib.

 

Y.Pojela hesab edir ki, belə qiymətləndirmə birtərəflidir və münaqişənin sülh yolu ilə həllinə xidmət etmir.

 

Onun sözlərinə görə, Dağlıq Qarabağ Ermənistan qoşunlarının yerləşdiyi Azərbaycanın ayrılmaz tərkib hissəsidir: “Beynəlxalq ictimaiyyət bir sıra qətnamələr qəbul etməklə qoşunları bu ərazidən dəfələrlə çıxarmağa çağırıb. Kuoditenin ayrı-ayrı fikirləri və Seym Şurasının lazımi icazəsi olmadan bu yaxınlarda münaqişə ərazisinə səfəri beynəlxalq hüquqa ziddir, münaqişənin sülh yolu ilə nizamlanması və Azərbaycan-Litva əlaqələri üçün zərərlidir”.

 

Seymin üzvü əlavə edib ki, Sovet ordusunda “uçan tank” adlandırılan vurulmuş Mi-24 hərbi helikopteri Dağlıq Qarabağda hərbi hazırlıqda iştirak edib ki, bu da beynəlxalq sazişlərə müvafiq olaraq yolverilməzdir.

 

Deputat, həmçinin parlament üzvlərinin münaqişənin sülh yolu ilə və davamlı nizamlanmasına xidmət etməyən və yalnız separatçıları dəstəkləyən dövlətlər üçün sərfəli olan belə bəyanatlarından təəssüf hissi keçirdiyini bildirib.

 

Y.Pojelanın bəyanatı Litva Seyminin saytında yerləşdirilib.

 

Qeyd edək ki, noyabrın 12-də saat 13:45 radələrində cəbhənin Ağdam rayonunun Kəngərli kəndindən 1700 metr şimal-şərq istiqamətində Ermənistana məxsus Mi-24 tipli helikopter döyüş kursuna enərək mövqelərimizə hücum edib. Qoşunlarımız tərəfindən açılan cavab atəşi nəticəsində düşmən helikopteri məhv edilib.

 

Trend.az