Beynəlxalq Miqrasiya Təşkilatı ilə gələcək əməkdaşlıq istiqamətlərinə dair fikir mübadiləsi aparılıb

Posted by

Azərbaycanda miqrasiya sahəsində dövlət siyasəti yerli əmək ehtiyatlarından səmərəli istifadə olunması və rəqabətədavamlı iqtisadiyyatın tələblərinə uyğun olaraq daxili əmək bazarına ixtisassız əcnəbi işçi qüvvəsinin deyil, yüksəkixtisaslı əcnəbi mütəxəssislərin cəlb edilməsi, əməkçi miqrantların insan hüquqlarına hörmətlə yanaşılması prinsiplərinə əsaslanır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, bunu nazir Səlim Müslümov Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Serhan Aktoprak ilə keçirilən görüşdə bildirib.

S.Müslümov Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasətinin nəticəsi kimi ölkəmizdə dayanıqlı iqtisadi inkişafın təmin edildiyini, yeni iş yerlərinin açılması prosesinin daimi xarakter aldığını diqqətə çatdırıb: “Ölkənin inkişaf prosesləri müsbət demoqrafik meyillərin davam etdiyi şəraitdə miqrasiya göstəricilərinin də ildən-ilə yaxşılaşmasına imkan verib. Azərbaycana daimi yaşamaq üçün gələnlərin sayı ölkədən gedənlərin sayını 2015-ci ildə 68,7 faiz üstələməklə miqrasiya saldosu müsbət 1,1 min nəfər, 2016-cı ildə isə 88,2 faiz üstələməklə miqrasiya saldosu müsbət 1,5 min nəfər təşkil edib. Hətta dünya iqtisadiyyatında çətinliklərin yaşandığı bir dövrdə belə inkişafını davam etdirən, davamlı ictimai-siyasi sabitliyin, tolerantlıq mühitinin mövcud olduğu Azərbaycan əcnəbi işçi qüvvəsi üçün cəlbedici ölkədir”.

Nazir hələ 1999-cu ildə ölkədə “Əmək miqrasiyası haqqında” Qanunun, 2013-cü ildə artıq Miqrasiya Məcəlləsinin qəbul edildiyini, ötən dövrdə Miqrasiya İdarəetmə Siyasəti Konsepsiyasının icrası ilə bağlı Dövlət Miqrasiya Proqramının qəbul edilərək icra olunduğunu bildirib: “Müvafiq sahədə görülən işlərin davamı kimi cari ilin ilk rübündə 2456 nəfər əcnəbiyə iş icazəsinə rəy verilməsi üçün Dövlət Miqrasiya Xidməti tərəfindən nazirliyə daxil olmuş müraciətlərə baxılıb. Onlardan 47,5 faizi və ya 1166 nəfəri ilə bağlı müsbət rəy verilib, o cümlədən 630 nəfərə iş icazəsi verilməsi, 536 nəfərin isə iş icazələrinin müddətlərinin uzadılması məqsədəuyğun hesab edilib. Müsbət rəy verilmiş əcnəbilərin əsasən mədənçıxarma, tikinti və emal sənayesi sahələrində işə cəlb olunması nəzərdə tutulub”.

S.Müslümov BMT-nin “Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının qorunması haqqında” Beynəlxalq Konvensiyasına uyğun olaraq, əməkçi miqrantların, onların ailə üzvlərinin insan hüquqlarına hörmətlə yanaşıldığını da vurğulayıb. Nazir bildirib ki, bununla yanaşı, son illərdə ölkə ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə iş icazəsinin verilməsinə və müddətinin uzadılmasına görə ödənilən dövlət rüsumunun məbləği də azaldılıb: “Həmçinin əmək müqavilələrinin elektron qeydiyyat sistemində işləyən ölkə vətəndaşları kimi, respublikada haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan əcnəbilərlə bağlanan əmək müqavilələri də qeydiyyata götürülür. Eyni zamanda, Azərbaycan vətəndaşları kimi onlara da fərdi uçot sistemində fərdi şəxsi hesab açılır ki, bu da həmin insanların gələcək əmək və digər sosial müdafiə hüquqlarına əsas yaradır”.

Nazir bildirib ki, milli əmək bazarında ixtisassız əcnəbi kadrların iştirakının qarşısının alınması və yerli əmək ehtiyatlarından səmərəli istifadənin təmin olunması üçün əmək miqrasiyası kvotasının təkmilləşdirilməsi, ölkədə rəqabətədavamlı iqtisadiyyatın tələblərinə uyğun olaraq yüksək ixtisaslı əcnəbi mütəxəssislərin cəlb olunması (patentləşdirmə) mexanizminin yaradılması işləri aparılır. Bu məqsədlə Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsini nəzərə tutan qanun layihəsi hazırlanaraq aidiyyəti üzrə təqdim edilib.

S.Müslümov əmək miqrasiyası proseslərinin tənzimlənməsi, miqrasiya siyasətinin hazırlanması və təkmilləşdirilməsi sahəsində BMqT ilə uğurlu əməkdaşlıq təcrübəsinin formalaşdığını vurğulayıb. Nazir birgə fəaliyyət müstəvisində işlərin qarşıdakı dövrdə də uğurla davam edəcəyinə əminliyini ifadə edib.

S.Aktoprak Azərbaycanda beynəlxalq normalara uyğun əmək miqrasiyası siyasətinin aparılmasının, xüsusən bu siyasətin qabaqcıl dünya təcrübəsi əsasında daim inkişaf etdirilməsinin təqdirəlayiq olduğunu vurğulayıb. O, həmçinin ölkəmizdə əməkçi miqrantların, onların ailə üzvlərinin hüquqlarının təmin edilməsi və sosial müdafiəsi yönündə aparılan işlərin, onlara humanist münasibət göstərilməsinin məmnunluq doğurduğunu diqqətə çatdırıb. S.Aktoprak BMqT-nin Azərbaycanla əməkdaşlığı genişləndirmək marağında olduğunu da qeyd edib.

Görüşdə ölkəmizdə həyata keçirilən miqrasiya siyasəti və bu sahədə BMqT ilə gələcək əməkdaşlıq istiqamətlərinə dair fikir mübadiləsi aparılıb.

AZƏRTAC